Daha 40 nəfər əlil həmvətənimiz dövlət hesabına xaricə müalicəyə göndərilib

Daha 40 nəfər əlil həmvətənimiz dövlət hesabına xaricə müalicəyə göndərilib

Azərbaycan Prezidenti İlham Əliyevin əlillərin tibbi-sosial reabilitasiyasına göstərdiyi xüsusi diqqət və qayğının daha bir ifadəsi kimi, hər il ölkəmizdən bir qrup əlil dövlət hesabına xaricə müalicəyə göndərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, bu nəcib ənənənin davamı olaraq, cari ilin iyul-avqust aylarında 80 nəfər əlil həmvətənimizin Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N.Burdenko adına onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzində müalicə kursu keçməsi nəzərdə tutulub.

Həmin əlillərdən 40 nəfəri cari ilin 7 iyulunda Heydər Əliyev adına Beynəlxalq Hava Limanından xüsusi təyyarə reysi ilə Ukraynaya yola salınıb və onlar müalicə kursunu başa çatdıraraq 4 avqust 2011-ci il tarixdə vətənə dönüblər. Elə həmin günü növbəti 40 nəfər əlilin müalicə kursu keçmək üçün Ukraynaya yola salınması təmin edilib.

Qeyd edək ki, adıgedən müalicə mərkəzi səmərəli fizeoterapevtik müalicə üsulları ilə məşhur olan bir sanator müəssisəsidir və iki ölkə arasında müvafiq razılaşmaya əsasən, hər il Azərbaycandan bir qrup əlilin həmin mərkəzdə 28 günlük müalicəsi təşkil olunur. Hər il olduğu kimi, bu il də müalicəyə göndərilən əlillərin əksəriyyəti ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş insanlardır.

Əlillərin adıgedən mərkəzdə yerləşməsi və müalicəsi işinə nəzarət etmək üçün nazirliyin əməkdaşları Ukraynaya ezam olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə