Tahir Kazımov: “Bütün Bakı və Abşeron yarımadasında qaz təchizatı yenidən qurulacaq”

Tahir Kazımov: “Bütün Bakı və Abşeron yarımadasında qaz təchizatı yenidən qurulacaq”

"Almaniya ilə imzalanan müqaviləyə əsasən 15 ilə bütün Bakı və Abşeron yarımadasında olan ərazilərdə qaz təchizatı yenidən qurulacaq". SİA-nın məlumatına görə, bunu açıqlamasında \"Azəriqaz\" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müxbiri Tahir Kazımov bildirib.

Bakı şəhərinin ətraf kənd və qəsəbələrini müasir Avropa standartlarına uyğun olaraq qaz təchizatı sisteminin, o cümlədən də idarəetmə sisteminin yenidən qurulması məqsədi ilə "Azəriqaz" İstehsalat Birliyi (İB) bır sıra xarici şirkətlərə müraciət edib.

Onun sözlərinə görə, həmin şirkətlərdən Almaniyanın tanınmış "RWE Transgaz", digəri isə "E.ON Ruhrgas" şirkətidir: "Bu şirkətlər tərəfindən ilkin olaraq geniş miqyaslı layihənin konsepsiyaları işlənib. Həmin konsepsiyalara "Azəriqaz"ın və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mütəxəssisləri tərəfindən baxılıb. Ümumi rəyə uyğun olaraq isə "E.ON Ruhrgas" şirkətinin təqdim etdiyi konsepsiya qəbul edilib".

Tahir Kazımov onu da vurğulayıb ki, konsepsiya əsasında daha ətraflı texniki iqtisadi əsaslandırma hazırlanmalı və maliyyə mənbəyi məlum olduqdan sonra müvafiq olaraq yenidənqurma və müasirləşdirmə işlərinə başlanılmalıdır: "Həmin detallı texniki iqtisadi əsaslandırmanın hazırlanması üçün Dövlət Neft Şirkəti tərəfindən tərəfdaş şirkətin seçilməsi prosesi aparılır. Tərəfdaş şirkət seçildikdən sonra əsaslanmanın hazırlanması işinə başlanılacaq".

"Ümumi konsepsiyaya əsasən qaz təsərrüfatının, o cümlədən idarəetmə sisteminin Avropa standartlarına uyğun tam yenidən qurulması və təkmilləşdirilməsi üçün təxminən10-15 il tələb olunacaq",- deyə o əlavə edib.

Tahir Kazımov həmçinin bildirib ki, hazırda həmin ərazilərin elektron xəritəsi hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə