ATƏT-in Bakı Ofisi Masallıda məişət zorakılığının qarşısının alınmasında yerli icmaların roluna dair diskussiya keçirib
Bu gün ATƏT-in Bakı ofisi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə Masallıda məişət zorakılığının qarşısının alınmasında yerli icmaların roluna dair diskussiya keçirib. ATƏT-in Bakı nümayəndəliyindən SİA-ya verilən məlumata görə, qonşu rayon sakinlərinin də iştirak etdiyi tədbirdə "Məişət zorakılığının qarşısının alınması" qanunu geniş müzakirə edilib. Dəyirmi masa yerli səviyyədə bu problemlə məşğul olan şəxslər arasında əməkdaşlığa töhfə verib. Yerli icra hakimiyyəti nümayəndələri, polis, QHT, habelə sosial və hüquqi idarələrin təmsilçiləri müvafiq qanunun icrası və zorakılığın önlənməsindəki rolları barədə fikir mübadiləsi aparıblar. ATƏT-in Bakı nümayəndəliyinin rəhbəri səlahiyyətlərini icra edən Melissa Stoun deyib ki, təmsil etdiyi qurumun məqsədi bu qanunun icrasında hökuməti ölkənin bütün regionlarında dəstəkləməkdir. Qanunun qəbulunu müsbət dəyərləndirən ATƏT təmsilçisi qeyd edib ki, hər bir qanunun dəyəri onun icra olunmasında və vətəndaşların həyat keyfiyyətini dəyişmək qabiliyyətindədir.
ATƏT-in Bakı ofisinin məlumatına görə, nümayəndəlik Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə bu il Göygöl və Sabirabadda daha iki oxşar tədbir təşkil etməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB