Pərakəndə satılan süd məhsulları brusellyoz mənbəyidir-ARAŞDIRMA

Səhiyyə Nazirliyi Yanında Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tezliklə ticarət mərkəzlərində satışa çıxarılan süd məhsullarının monitorinqinə başlayacaq. Mərkəzin qida şöbəsinin rəhbəri İmran Abdullayevin SİA-ya verdiyi məlumata görə, yoxlamalar Bakı və Sumqayıt şəhərlərinin bütün ticarət mərkəzlərində həyata keçiriləcək. Süd məhsulları ticarət mərkəzləri ilə yanaşı həm də süd istehsalı müəssisələrində də həyata keçiriləcək. Keyfiyyətsiz süd məhsulları satışdan çıxarılacaq.
Keyfiyyətsiz süd məhsulları təhlükəsi hər zaman var. Son illər ölkə ərazisində brusellyoz xəstəlinin yayılması bu təhlükəni daha da artırır. Yay aylarında isə brusellyoz təhlükəsi daha da artır. Mütəxəssislər bu infeksion xəstəliyin əsas mənbəyinin pərakəndə şəkildə, kauçuk qablarda, antisanitariya vəziyyətində satılan süd, pendir, şor və digər ağartılarda görürlər.

Brusellyoz süd, heyvan yunu, sudan da yayıla bilər

Respublika Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolcu Xanvəli bu infeksion-allergik xəstəliyin qarşını almaq üçün əhalini də diqqətli olmağa çağırdı: "Brusellyoz insana xəstə heyvanın südü və ondan hazırlanmış məhsullardan ötürülür. Xəstəlikdən qorunmaq üçün çiy süd içmək yolverilməzdir. Süd istifadə edilməzdən öncə qaynadılmalıdır. Pendir isə 40 gün duzlu suda saxlanıldıqdan sonra yeyilməlidir. Ümumiyyətlə, brusellyozun insan üçün patogeni üç növə ayrılır - xırdabüynuzlu heyvanda brusellyoz yaradan brusella, iribuynuzlu heyvanda brusellyoz yaradan brusella və donuzlarda brusellyoz yaradan brusella. İnsan üçün xəstəliyin əsas mənbəyi iri və xırdabuynuzlu mal-heyvan və donuzlardır. Brusellyoz süddən, heyvan yunu, su və torpağın xəstə heyvanın sidik və ifrazatına bulaşmasından da yayıla bilər. Ölkəyə gətirilən mal-qara karantindən keçir. Bu zaman heyvan tam olaraq müayinədən keçir. Əgər heyvanda xəstəlik aşkar olunarsa, o ya məhv edilir, ya da gətirildiyi ölkəyə qaytarılır. Ancaq şəxsi təsərrüfatlarda vaksinasiyadan keçməyən heyvanlar var.
Fərdi təsərrüfatlardan bu heyvanların südündən hazırlanan məhsullar sintetik qablarda yığılaraq pərakəndə şəkildə satılır. Satışa çıxarılan ət, süd, pendir, şor hətta körpə uşaqlara da verilir. Kustar üsulla hazırlanan süd və süd məhsullarının termik emal və pasterizə edilmədən satışı yolverilməzdir. Belə məhsullarla qidalanma brusellyoza səbəb olur. Əhaliyə məsləhət görülür ki, yol kənarlarında, əldə satılan ət və süd məhsullarını almasınlar\".
Y. Xanvəli brusellyoza yoluxma zamanı orqanizmdə temperaturun yüksəldiyini, tərləmə, titrəmə və əzələ ağrılarının baş qaldırdığını da dedi: \"Əgər xəstəliyin vaxtında qarşısı alınmazsa, xəstəlik xroniki hal alır. Brusellyoz əsəb sisteminin pozulmasına səbəb olur. Bir çox hallarda xəstəliyin əlamətlərini bilməyənlər bunu qrip və ya soyuqdəymə zənn edərək terapevtə müraciət edirlər. Əgər terapevt öz işini yaxşı bilirsə, o zaman xəstəliyin simptomlarından bunun brusellyoz olduğunu təyin edir və xəstəni infeksionistə yönəldir. Belə olduqda sağalma prosesi tezləşə bilər. Ancaq əks halda oynaq və onurğa ağrıları və digər əlamətlərlə müşayiət olunan xəstəlik daha da şiddətlənir. Bəzən diaqnozun səhv qoyulması da yanlış müalicənin aparılmasına şərait yaradır\".

Mağazalardakı süd məhsullarına zəmanət verilir


Respublika Baytarlıq Laboratoriyasının bakteriologiya, ekspert-diaqnostika şöbəsində aparıcı baytar həkimi Samirə Zəkiyeva isə bildirdi ki, laboratoriyada müayinə olunmayan qida məhsullarını almaq yolverilməzdir: "Süd, mal-qara və digər qida məhsullarının bakterioloji müayinəsi aparılır. Laboratoriyamızın bakterioloji şöbəsində süd və ət məhsullarında hormonların qalıq miqdarı təyin edilir. Hər gün baytar mütəxəssislər şöbəyə satışa çıxarılması nəzərdə tutulan hər partiya maldan 5 nümunə gətirilir. Bu nümunələr 3 əsas - bakteriologiya, radiologiya, toksikologiya və lazım olarsa, virusologiya şöbələrinə paylanır və müayinə olunur. Müayinələrdən sonra məhsullarda yüksək toksik maddələr, virus və sair aşkarlanarsa, bu məhsulların satışa çıxarılmasına icazə verilmir. Bu cür məhsullar aktlaşdırılaraq zərərsizləşdirilir. Tərkibində heç bir problem olmayan məhsullara isə istifadəyə yararlı olması ilə bağlı sertifikat verilir\".
Mütəxəssis hazırda satışda olan həm xarici dövlətlərdən idxal edilmiş, həm də ölkə daxilində istehsal olunan bütün süd və ət məhsullarının müayinə edildiyini və onların yararlılığı ilə bağlı xüsusi sənəd verildiyini dedi: \"Belə bir sənədi olmayan məhsulların keyfiyyətinə zəmanət yoxdur. Şəxsi təsərrüfatlarından alınıb pərakəndə halda satılan ət və süd məhsullarının tərkibi yoxlanmadığı üçün tubirkulyoz, brusellyoz və bu kimi xəstəliklər ola bilər. Ona görə də müayinə aparılmayan məhsullarla qidalanmaq məsləhət görülmür\".

Bütün xəbərlər Facebook səhifəmizdə