Orucun insan orqanizmi üçün faydaları- ARAŞDIRMA

Artıq 4 gündür ki, 11 ayın sultanı olan Ramazan ayı başlayıb. Qurani-Kərimin nazil olduğu Ramazanda bir ay müddətində oruc tutulur. Ramazan ayının orucu hər bir həddi-buluğa çatmış, xəstə olmayan müsəlman üçün vacib sayılır.

SİA-nın apardığı araşdırmaya görə, oruc tutmağın həm də orqanizmə çox böyük faydası var. Xüsusilə son illər aparılan bir çox tədqiqatlarda canlıların uzunömürlülüyünün ən yaxşı metodlarından biri kimi kalorinin azaldılması göstərilir. Buna görə də kalorini azaltmaq birbaşa ömrümüzün uzanmasına xidmət edir və metobolik xəstəliklərə yoluxmaq riskini azaldır.

Unutmayaq ki, oruc tutmaq hər bir müsəlmanın borcu olmaqla yanaşı, sağlamlıq baxımından insanın gündəlik qəbul etdiyi kalori miqdarını azaltmağa xidmət etməlidir. Lakin təəssüf ki, çox vaxt bu belə olmur. Belə ki, səhər yuxudan durmağa tənbəllik edilir, iftarda isə həddindən çox qida qəbul edirik. Bu isə yolverilməzdir. Xüsusilə Ramazan ayı yay fəslinə təsadüf edirsə, daha diqqətli olmaq məsləhətdir. Çünki yayda günlər çox uzun və isti olduğundan lazım olan tədbirləri əvvəlcədən görməsək sağlamlığımızla bağlı ciddi problemlər yaşayarıq. Buna görə də Ramazan ayı başlamadan orucu daha sağlam tutmaq üçün mütəxəssislər orqanizmi hazırlamağı və qida tərkibini aşağıdakı şəkildə dəyişməyi məsləhət görürlər:

- Hər gün səkkiz stəkan su içməyə çalışın. Suya təzə meyvə (çiyələk, alma, limon, nanə) dilimləri əlavə edərək də içə bilərsiniz. Suyu hər zaman görə biləcəyiniz bir yerə qoyun ki, tez-tez yadınıza düşsün və orqanizminizi lazımi miqdarda maye ilə doydurun.

- Hər səhər mütləq yemək yeyin. Səhər yeməyində yağı az olan pendir, soyutma yumurta yeməyə və tərkibində suyun miqdarı çox olan tərəvəzlərə, məsələn, pomidor, bibər, xiyara üstünlük verməyə çalışın. Orucdan 1 həftə əvvəl bu rejimə keçsəniz Ramazan ayında tezdən durmağa çalışacaqsınız.

- Xüsusilə axşam yeməklərini oruca başlamazdan əvvəl az yeməyə çalışın. Axşam menyusunun şorba, tərəvəz yeməyi, qatıq və çörəkdən ibarət olması məsləhətdir. Ramazandan əvvəl axşam yeməklərinizi bu şəkildə yesəniz orqanizminiz belə qidaya öyrəşəcək və iftarda ağır yeməyəcəksiniz.

- Yatmazdan 3 saat əvvəl qida qəbulunu dayandırın. Buna əməl etsəniz, iftardan sonra da yemək vərdişiniz olmayacaq və daha rahat mədə ilə oruc tutacaqsınız.

- Çay və kofeni azaldın. Çünki çay və ya kofe orqanizmin suyunu azaldır.

- Hər gün 45-60 dəqiqə yerimək orqanizminizin müqavimətini artıracaq və özünüzü daha güclü və gümrah hiss edəcəksiniz. Ramazan ayında da hər gün piyada yol getməyə davam edin. İftardan 2 saat sonra ən azı yarım saatlıq gəzinti orqanizm üçün xeyirlidir.

Sonda bildirmək istərdik ki, hələ bir neçə il isti yay günlərinə təsadüf edəcək Ramazan ayında hər bir müsəlmandan daha çox səbr və dözüm tələb olunur. Odur ki, bu sınaqdan uğurla çıxmağa çalışaq. Allah oruc və dualarınızı qəbul etsin!

Bütün bunlarla yanaşı oruc tutmağın fiziki faydaları da var. Belə ki, oruc tutmağın insanın orqanizminə və mənəviyyatına böyük təsirləri vardır:

Şübhəsiz, insan orqanizminin ən mühüm tələbatlarından biri də yeməkdir. Lakin nəzərə almaq lazımdır ki, yeməyə çox aludə olmaq nəinki xeyirli, əksinə, çox zərərlidir. Hədislərdə buyurulur ki, normadan çox yemək qəlbi daşlaşdırır, şəhvət hissini gücləndirir və insanı Allaha ibadətdən uzaqlaşdırır. Həzrət Məhəmməd Peyğəmbər (s) buyurmuşdur: "Çox yemək bütün dərdlərin mənbəyi, az yemək isə dərmanların ən əsasıdır". Ona görə dinimiz müsəlmanları az yeməyə, aclıq hiss etmədən yeməməyə, süfrədən yarıtox halda qalxmağa çağırır.

Bu baxımdan deyə bilərik ki, bəzi xəstəlik və bəlaları məhz oruc vasitəsilə sağaltmaq olar. Ramazan ayı sanki müsəlmanın bir aylıq müalicə kursudur.

Məlumdur ki, insan orqanizmində şəkər, yağ və zülal maddələri ilə təmin edilmək üçün ehtiyat mənbələri mövcuddur. Onların işə düşməsi nəticəsində bədəndəki orqanların yenidənqurma prosesi gedir. Alimlər sübut ediblər ki, oruc tutmaqla orqanizmdəki həmin ehtiyat qüvvələr işə düşür. İnsanın həzm sistemi dincəlir və özünü yeniləşdirir.

İl ərzində fasiləsiz olaraq işləyən, bədəndəki yağları həzm edən, ödü hazırlamaqdan tutmuş, bir çox digər funksiyaları yerinə yetirən qaraciyərə kimi orqanlar dincəlir, köhnə maddələri buraxıb lazımi yeni maddələr qəbul edir.

Oruc tutmaq nəticəsində bağırsağın selikli qişasındakı bəzi köhnə hüceyrələr məhv olur, yenilər yaranır. Selikli qişa təzələndiyi üçün həzm prosesi də yaxşılaşır.

Tibb elmləri doktoru, professor Faiq Cəfərov orucun tibbi faydaları haqqında belə deyir: "Oruc qanyaradıcı orqanlara da müsbət təsir edir. Belə ki, bu orqanlar gün ərzində normadan artıq qida qəbul edəndə yüklənir, ona görə də funksiyaları pozulur. Ancaq bədən az qida qəbul edəndə qanyaradıcı orqanlar da öz fəaliyyətini təzələyir. Orucluğun bir ay davam etməsində də qanunauyğunluq var. Rəsmi təbabətdə, xüsusilə, mədə-bağırsaq xəstəliklərində pəhriz 24-28 gün təyin olunur".

Oruc dalaq, ürək, qan-damar sisteminin yeniləşməsinə, ifrazat sisteminə də müsbət təsir göstərir. İfrazatla bağlı əsas orqan olan böyrəklər çox qida qəbul edərkən yüklənir və "yorulur". Oruc tutmaq nəticəsində böyrəklər dincəlir və normal fəaliyyətini bərpa edir. Oruc tutmaq maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır; nəticədə orqanizm tullantılardan və toksik maddələrdən təmizlənir.

Burada qeyd etmək yerinə düşər ki, hətta qeyri-müsəlman tibb alimləri də bu fikri müdafiə ediblər ki, oruc – ən yaxşı dərmanlardan biridir.

Məşhur rus alimi Aleksey Soforin "Müalicənin yeni üsulu – oruc" kitabında yazır: "Orucla müalicə elə ecazkardır ki, onun vasitəsilə praktiki və cərrahi müalicənin proqram və metodları köklü surətdə dəyişiləcəkdir. Çünki oruc tibb elminin qarşısında yeni yollar açır".

Hətta oruc tutmağın bir çox xəstəliklərin müalicəsi üçün dünya səviyyəsində həkimlər və təbiblər tərəfindən dəfələrlə məsləhət görülüb. İmam Sadiq(ə) bu barədə belə buyurur: \"Hər bir şeyin zəkatı vardır, bədənin də zəkatı, oruc tutmaqdır\".

Deyilənləri ümumiləşdirərək, Həzrət Məhəmməd Peyğəmbərin (s) bir hədisi ilə oxuculara tövsiyyə edirik: "Oruc tutun ki, sağlam olasınız".

Bütün xəbərlər Facebook səhifəmizdə