İlan sancan hissəni bağlamayın!

İlan sancan hissəni bağlamayın!
İlan sancan insana düzgün ilkin yardım göstərilməməsi ölüm hallarının sayını artırıb. Bu barədə məlumatı SİA-ya ölkənin baş toksikoloqu İsmayıl Əfəndiyev verdi: "Hamı elə bilir ki, ilan sancan hissəni rezinlə bağlamaqla insanı xilas etmək olar. Ancaq əksinə zədələnmiş hissəni bağlamaq insanın ölümünə səbəb olur. Hətta göstərilən tibbi yardım da zərərçəkəni xilas edə bilmir. İlan sancan insan ilk növbədə sakitləşməyi bacarmalı, az hərəkət etməlidir. Əgər 12 saat müddətində zərərçəkən zədələnmiş hissə başlanmadan toksikoloji mərkəzə çatdırılarsa, ölüm halının başverməsi minimuma enər".
Mütəxəssis Səhiyyə Nazirliyi tərəfindən verilən ilan zəhərinə qarşı zərdabın (polivan) zərərçəkənlərə təmənnasız vurulduğunu dedi: "Bu barədə Səhiyyə Nazirliyinin qərarı var. Zərərçəkən vaxtında xəstəxanaya çatdırıldıqda dərhal zərdab vurulur və mütəxəssislər tərəfindən digər zəruri tədbirlərə görülür ki, bununla da ölüm halının qarşısını almaq mümkündür".
İ. Əfəndiyev ilan sancmasına əsasən kişilərin məruz qaldığını da dedi: "İlanlar daha çox əkin sahələrində, tikinti gedən ərazilərdə, karyerlərdə, otlaqlarda insanları sancır. Qadınlar belə yerlərdə az olduğu üçün daha çox zərəri kişilər çəkir. Hazırda toksikologiya mərkəzində 6 nəfər zərərçəkən var. Onlardan 4 nəfəri Qaradağ rayonu sakinidir. Aralarında vəziyyəti ağır və orta-ağır olanlar var. Zərərçəkənlərə yardım göstərilir, müalicə davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə