Küçədə satılan sular təhlükəlidir!

Küçədə satılan sular təhlükəlidir!
Gəncə şəhərində kvas satışı ilə məşğul olan obyektlərə qarşı reyd başlanıb və 10 belə obyektin fəaliyyətinə qadağa qoyulub. Qeyd edək ki, 2007-ci ildən etibarən küçələrdə açıq şəkildə sərinləşdirici içkilərin satışı dayandırılıb. Ancaq təkcə Gəncədə deyil, Bakı və digər ərazilərdə də kvas və digər sərinləşdirici içkilərin pərakəndə şəkildə satışına hələ də rast gəlinməkdədir.

Hazırda Bakı şəhərinin bir çox hissələrində, əsasən də bazarların yaxınlığında, insanların daha çox cəmləşdiyi ərazilərdə müxtəlif şirələr, kvas, digər sərinləşdirici içkilər satılır.


Əlaqəli qurumlar problemin qarşısını almaq məqsədi ilə mütəmadi olaraq reydlər keçirdiklərini açıqlayırlar. Bu suların insan orqanizmi üçün təhlükəli olması ilə bağlı xəbərdarlıqlar da olunur. Ancaq bütün bunlara baxmayaraq küçələrdə satılan suların alıcısı başının üstündədir. Məsələnin ən problemli tərəfi isə odur ki, heç kim içdiyi suyun keyfiyyəti, qabın təmizliyi, tərkibi, istifadə üçün nə dərəcədə yararlı olması ilə maraqlanmır.

Mütəxəssislər xəbərdar edirlər ki, yay aylarında bu cür sulardan istifadə daha təhlükəlidir. Əhaliyə tövsiyə olunur ki, qaynamamış, sterilizə edilməmiş su qəbul etməsinlər. Həkimlər xəbərdarlıq edir ki, küçələrdə satılan suların hazırlanmasında çiy sudan istifadə edilir. Bu isə mədə-bağırsaq və digər infeksion xəstəliklərin yaranmasına səbəb ola bilər. Sərinləşdirici içkilərin tərkibinə qatılan rəngləyici maddələr isə müxtəlif problemlərin yaranmasına gətirib çıxara bilər\".

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev küçələrdə açıq şəkildə satılan qazlı və qazsız suların, kvasın sanitar-gigiyenik standartlara cavab vermədiyini dedi: "Çəlləklərdə satılan kvasdan istifadə yolverilməzdir. Aparılan tədbirlər nəticəsində demək olar ki, bu cür suların satışı azalıb. Ancaq reydlər davam edir və qanunu pozanlara qarşı tədbirlər görülür".

Bütün xəbərlər Facebook səhifəmizdə