Dünya Azərbaycanlıları Konqresi bəyanat yayıb

Dünya Azərbaycanlıları Konqresi bəyanat yayıb

Dünya Azərbaycanlıları Konqresi son zamanlar konqresdə baş verənlərlə bağlı bəyanat yayıb. SİA-nın xəbərinə görə, bəyanatda bildirilir ki, dünyada yaşayan soydaşlarımızın ən böyük diaspor təşkilatı olan Dünya Azərbaycanlıları Konqresi çox çətin şəraitdə, bir sıra milli və antimilli maraqların kəsişmə nöqtəsində, Azərbaycanı param-parça edərək bir dövlət və xalq kimi tarixdən silməyə çalışan qüvvələrin bu gün də davam edən təzyiqləri altında fəaliyyət göstərir.

"Bununla yanaşı, DAK-ın üzləşdiyi ən böyük problemlərdən biri də onun sıralarına gələn və bəzən də etimad göstərilərək yüksək qurumlara seçilən adamlarının bəzilərinin təşkilatın məqsəd və məramını dərk etməmələri, onun Nizamnaməsinə uymamaları, bilərəkdən və ya bilməyərəkdən DAK-ın nüfuzuna xələl gətirən addımlar atması olub. DAK-ın İdarə Heyəti belə hadisələrə həmişə səbir və anlayışla yanaşmağa çalışıb. Çünki müxtəlif mühitlərdən çıxan, fərqli şəraitlərdə və ölkələrdə yaşayan adamların fəaliyyətində belə çətinliklər qaçılmazdır", - deyə bəyanatda vurğulanır.

Bundan əlavə, bənatada qeyd olunur ki, DAK-ın sonuncu qurultayında 17 nəfər İdarə Heyəti üzvü seçilib: "İdarə Heyətinin Türkiyədə keçirilən iclasında Fərəməz Quluzadə və Behruz Nəqqinin Nizamnaməyə zidd hərəkətləri nəzərə alınaraq, onların İH-dəki fəaliyyətləri növbəti qurultayadək dondurulub. Bundan sonra, Rusiya nümayəndəsi Mirəşrəf Fətiyevin ərizəsi əsasında onun yerinə Tahir Hacıyev təyin edilib. Mirəşrəf Fətiyevin Rusiya nümayəndəliyindən və son vaxtlarda Səftər Rəhimlinin Azərbaycan nümayəndəliyindən azad edilməsi, yəni vəzifə davası bu dəfə də DAK əleyhinə yeni bir kampaniyanın başlanmasına səbəb olub. Qəribədir ki, həmişə olduğu kimi, təşkilata qarşı çıxanlar "birləşmə" kimi cazibədar bir sözü bayraq edirlər".

Bəyanatda həmçinin qeyd edilir: "Biz DAK İH üzvləri kiminsə kiməsə birləşməsinə mane olmaq fikrində deyilik. Lakin DAK adından bu qərarı yalnız İdarə Heyəti və ya qurultay verə bilər. İdarə Heyətinin bir neçə üzvünün DAK adından belə addım atmaq hüququ yoxdur. Yaradacaqları yeni təşkilatın da DAK-a aidiyyatı olmayacaq. Həmkarlarımızın bu yalançı "birləşmə təşəbbüsləri"ni və heç bir səlahiyyətləri olmadan DAK adından gülünc bəyanatlar vermələrini DAK İdarə Heyətinə sayqısızlıq hesab edir və bu uydurmalara son qoymalarını onlardan tələb edirik. DAK-ın gücləndiyi, nüfuzunun artdığı, fəaliyyətinin beynəlxalq genişliyə çıxdığı bir vaxtda belə addımların xoş niyyətlə atılmadığını izaha ehtiyac görmürük. DAK-a yeni hücum dalğasının Dünya Azərbaycanlılarının III Qurultaymda DAK sədrinin İran rejimi əleyhinə sərt çıxışından, DAK rəhbərliyinin Avropada keçirilən bir sıra mühüm görüşlərindən sonra başlanması da təsadüfi sayıla bilməz və bu işin təşəbbüskarlarının xidmət etdikləri ünvanları dəqiq göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə