DAK rəsmiləri son günlərdə konqresdə baş verən hadisələrə aydınlıq gətiriblər

DAK rəsmiləri son günlərdə konqresdə baş verən hadisələrə aydınlıq gətiriblər

Bu gün Azərbaycan Media Mərkəzində Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı, Daimi Şuranın sədri Əjdər Tağızadə, İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının üzvləri və digər səlahiyyətli şəxslər birgə mətbuat konfransı keçiriblər. SİA-nın xəbərinə görə, DAK rəsmiləri son günlərdə konqresdə baş verən hadisələrə aydınlıq gətiriblər.

DAK-ın həmsədri Sabir Rüstəmxanlı bildirib ki, bəzi xarici qüvvələr konqresi parçalamağa, zəiflətməyə çalışırlar. Onun sözlərinə görə, konqresdə vəzifəsindən kənarlaşdırılan Səftər Rəhimli başına bir neçə nəfəri yığaraq guya DAK rəhbərliyini vəzifədən uzaqlaşdırdığını bildirib. Onların belə bir hüququnun olmadığını deyən S.Rüstəmxanlı vurğulayıb ki, onun başına topladığı yeddi nəfər idarə heyəti üzvündən ikisi idarə heyətinin əvvəlcə keçirilən iclasında vəzifələrindən kənarlaşdırılıblar və onların çıxardığı qərar düzgün deyil. DAK həmsədri qeyd edib ki, konqresin nizamnaməsi var və bütün işlər nizamnamə çərçivəsində həll olunur.

"DAK-ın heç vaxt hansısa hesabda pulu olmayıb. Qarşı tərəfin pulla bağlı səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. Yalnız qurultaylar keçirilən zaman öz hesabımıza, dostlarımızın hesabına pul toplayırıq ki, nümayəndələri qurultaya yığa bilək. Qurultay keçirildikdən sonra həmin pulların maliyyə hesabatı verilir. Milli məsələlərin həllinə də öz gücümüzlə gedirik. Deyirlər ki, Sabir Rüstəmxanlı DAK-ın pullarını yeyir. Belə olsaydı, bundan hər kəsin xəbəri olardı. Səftər Rəhimli nə siyasətdə, nə də vəzifədə düzgün deyil. DAK-ın Azərbaycan nümayəndəliyi rəsmi dövlət qeydiyyatından keçmədiyi üçün və heç bir hüquqi fəaliyyət imkanı olmadığı üçün ləğv edilib.
Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimlinin DAK-da başqa bir vəzifəyə təyin olunması nəzərdə tutulub. O, nümayəndəliyin ləğv olunduğunu eşidən kimi mətbuatda hay-küy salmağa başlayıb və əks fəaliyyətə başlayıb. İndiyə qədər bir neçə dəfə DAK-da vəzifədən kənarlaşdırılan şəxslər guya DAK-ın birləşməsinin tərəfdarı olduqlarını deyiblər. Həmin şəxslər bu cür addımlarla cəmiyyəti aldatmaq istəyirlər. DAK-ın ayaqüstü durduğu bir dövrdə Mirəşrəf Fətiyev və Səftər Rəhimli kimi insanlar İran və Rusiya kəşfiyyatına xidmət edərək bu işlərə gedirlər. Bildirmək istəyirəm ki, DAK öz yerindədir və belə insanlar tərəfindən konqresin dağılmasına imkan verilməyəcək", - deyə o əlavə edib.

Tədbirin davamında DAK Daimi Şuranın sədri Əjdər Tağızadə, İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının üzvləri və digər səlahiyyətli şəxslər konqresdə baş verən hadisələrə aydınlıq gətirib. Bundan əlavə, onlar jurnalistləri maraqlandıran sualları cavablandırıblar.


Tədbirin sonunda Dünya Azərbaycanlıları Konqresinin Bəyanatı səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə