Ombudsmanın nümayəndələri Belfast şəhərində ENYA iştirakçılarının növbəti görüşünə qatılıblar

Ombudsmanın nümayəndələri Belfast şəhərində ENYA iştirakçılarının növbəti görüşünə qatılıblar

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatı Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin (ENOC) üzvüdür. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, bu təşkilatın 2009-cu ildə Parisdə keçirilmiş konfransında Müvəkkil Elmira Süleymanova tərəfindən Avropa uşaq təşkilatları şəbəkəsinin yaradılması tövsiyə edilmiş və nəticədə 2010-cu ildən başlayaraq ENOC tərəfindən Avropa Gənc Məsləhətçilər Şəbəkəsi (ENYA) layihəsi həyata keçirilməkdədir.

Layihə çərçivəsində elektron forum fəaliyyətə başlamış və Ombudsmanın resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) üzvləri Müvəkkilin uşaq hüquqları üzrə ixtisaslaşmış müşavirinin koordinatorluğu ilə bu layihədə iştirak edərək öz fikir və tövsiyələri ilə bölüşürlər. ENYA iştirakçılarının 2010-cu ilin oktyabr ayında Fransanın Strasburq şəhərində keçirilən ilk görüşündə koordinator, Müvəkkilin uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Nigar Şəbiyeva AUGSŞ-nin üzvləri, Suraxanı rayonu 87 və Binəqədi rayonundakı 157 saylı orta məktəblərin şagirdləri Nigar İbrahimova və Aydan Allahyarova ilə birlikdə iştirak edib.

Həmin görüşün davamı olaraq, bu günlərdə Şimali İrlandiyanın Belfast şəhərində ENOC tərəfindən ENYA iştirakçılarının ikinci görüşü keçirilib. Azərbaycandan Ombudsmanın uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri N.Şəbiyeva ENYA koordinatoru, AUGSŞ üzvü, Nərimanov rayonu 200 saylı Bağça-Məktəb Lisey Kompleksinin 43 saylı lisey şagirdi Ülya Quliyeva isə ENYA üzvü qismində bu görüşə qatılıblar. Görüşün məqsədi Strasburqda ENYA iştirakçıları tərəfindən hazırlanan və uşaqların hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş tövsiyələrin təkmilləşdirilməsi və həyata keçirilməsi üzrə tədbirlərin hazırlanmasından ibarət olub.

Görüş zamanı Şəbəkənin üzvü zorakılığın qarşısının alınmasına dair təkliflərini bildirmiş, AUGSŞ-nin fəaliyyəti barədə ətraflı məlumat vermiş, Müvəkkilin çoxşaxəli fəaliyyətində şəbəkənin məsləhətçi rol oynadığını və uşaq hüquqlarının, habelə Ombudsman təsisatı tərəfindən həyata keçirilmiş pilləli tədris layihəsi və bunun nəticəsində yaradılmış uşaq hüquqlarının tədrisi mərkəzlərinin təbliğində, Müvəkkilin fəaliyyəti və qaynar xətti barədə məlumatlandırılmasında yardımçı olduğunu bildirib. O, həmçinin bu təcrübəni digər ölkələrə tövsiyə edib.

Tədbirdə Azərbaycan Ombudsman təsisatında hazırlanmış hüquqi nəşrlər və plakatlar, ölkəmiz, Azərbaycan həqiqətləri, Ermənistanın respublikamıza qarşı təcavüzü, Qarabağ münaqişəsi, nəticədə qaçqın və məcburi köçkünlərin, o cümlədən uşaqların hüquqlarının kütləvi şəkildə pozulması haqqında məlumatlar iştirakçılara təqdim olunub.

Görüşdə iştirak edən gənc təmsilçilər qrup işlərinin təqdimatını keçirmiş, ombudsmanların və digər iştirakçıların suallarını cavablandırıblar.

Həmçinin tədbirin sonunda N.Şəbiyeva və Ü.Quliyeva görüşün qiymətləndirilməsi zamanı öz fikirləri ilə bölüşmüş, bu layihənin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüş ENYA iştirakçılarına sertifikatların təqdim edilməsi ilə başa çatıb. Belə ki Ü.Quliyeva da bu seminara öz töhfəsini verdiyinə görə, həmçinin liderlik, danışıq, ünsiyyət və əməkdaşlıq bacarıqlarına yiyələndiyinə görə sertifikata layiq görülüb.

Qeyd edilməlidir ki, tədbirin sonunda ölkələr üzrə üç ən yaxşı komanda kimi Malta, Finlandiya və Azərbaycan Belfast şəhərinin lordu tərəfindən mükafatlandırılıb

Bütün xəbərlər Facebook səhifəmizdə