Hacıqabulda Daxili Qoşunların zabitləri üçün yeni xidməti yataqxana istifadəyə verilib

Hacıqabulda Daxili Qoşunların zabitləri üçün yeni xidməti yataqxana istifadəyə verilib

Avqustun 2-də DİN Daxili Qoşunlarının Hacıqabul şəhərində yerləşən "N" saylı hərbi hissəsinin ərazisində zabitlər üçün yeni tikilmiş xidməti yataqxana binasının istifadəyə verilməsinə həsr edilmiş təntənəli mərasim keçirilib. Tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

DİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əvvəlcə daxili işlər nazirinin qarşılanması mərasimi olub. Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov general-polkovnik Ramil Usubova hərbi qulluqçuların mərasimə hazır olmaları barədə raport verib.

Sonra general-leytenant Zakir Həsənov çıxış edərək yataqxana kompleksinin açılışının Daxili Qoşunların həyatında əlamətdar günlərdən biri olduğunu qeyd etmiş, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən Daxili Qoşunlara xüsusi diqqət və qayğısının nəticəsi kimi qiymətləndirmiş, yeni binanın tikintisində əməyi olan bütün şəxslərə, həmçinin daxil işlər nazirinə DQ-nin komandanlığı və şəxsi heyəti adından minnətdarlığını bildirib.

Yataqxanada mənzillə təmin olunmuş mayor Zaur Bağırov, zabitlərdən birinin ailə üzvü Hürü Yusifova çıxış edərək onlara göstərilən diqqət və qayğıya, hərbi qulluqçuların sosial rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına görə ölkə rəhbərliyinə təşəkkür ediblər.

Daha sonra nazir, general-polkovnik Ramil Usubov çıxış edərək yeni mənzillərin sahiblərini və ailə üzvlərini təbrik etmiş, onlara xoşbəxtlik, cansağlığı və xidməti fəaliyyətdə uğurlar arzulayıb. O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanıldığını, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndiyini, hərbi qulluqçuların sosial-məişət şəraitinin ilbəil yaxşılaşdığını vurğulayıb. Qeyd olunub ki, bütün bunlar cinayətkarlıqla mübarizənin, ictimai asayişin nümunəvi şəkildə qorunub-saxlanmasında, döyüş hazırlığının daha da yüksəldilməsində mühüm rol oynayıb.

Təsadüfi deyil ki, son illər DİN-in Daxili Qoşunları üçün də onlarca müxtəlif təyinatlı obyekt, o cümlədən hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqələri və s. tikilib istifadəyə verilib. Hacıqabulda yeni xidməti yaşayış evinin istismara verilməsi də möhtərəm dövlət başçımızın Daxili Qoşunlara göstərdiyi ali diqqət və qayğının növbəti təzahürüdür. Ramil Usubov bu ali diqqətə hərbi qulluqçuların əməli fəaliyyətlə - cinayətkarlıqla mübarizədə, ictimai asayişin təmin edilməsində, xidməti və döyüş tapşırıqlarının yerinə yetirilməsində yeni uğurlarla cavab verəcəklərinə əmin olduğunu bildirmiş, tapşırıq və tövsiyələrini verib.

Daxili işlər naziri mənzillərin orderlərini sahiblərinə təqdim etdikdən sonra binanın açılışını bildirən qırmızı lenti kəsib. Yeni tikili barədə ona məlumat verilmiş və qeyd olunmuşdur ki, ötən ilin mayında tikilməyə başlanmış yaşayış binasının sahəsi 6100 kvadratmetrdir. Beşmərtəbəli binada 68 mənzil vardır.

Binanın ətrafında 7500 kvadratmetr ərazi abadlaşdırılıb.

Ramil Usubov binada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olmuş, görülmüş işlərdən razılığını bildirib. Sonda nazir bir zabit ailəsinin qonağı olmuş, onlarla çay süfrəsi arxasında söhbət edərək gündəlik qayğıları və yaşayış şəraiti ilə maraqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə