Əli Abbasov xarici təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələrlə görüşüb

Əli Abbasov xarici təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələrlə görüşüb

Bu gün Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) İnkişafı naminə İnsan Resursları Fondunun xətti ilə aparıcı xarici təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələrlə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə müxtəlif təhsil müəssisələrindən 30-a yaxın tələbə iştirak edib.

Tədbirdə çıxış edən Əli Abbasov hər il keçirilən bu cür görüşlərin tələbələr və onların təhsildə əldə etdikləri uğurlarla daha yaxından tanış olmağa, eləcə də tədris prosesində yaranan müxtəlif problemlərin həllində köməklik göstərməyə imkan yaratdığını qeyd edib. İKT İnkişafı naminə İnsan Resursları Fondunun fəaliyyətindən danışan nazir Fondun özəl İT-şirkətlərin bilavasitə iştirakı ilə yaradıldığını bildirib, bununla belə biznesin insan resurslarının inkişafında ildən-ilə fəallığının artdığına baxmayaraq, bu sahədə hələ ki, elə də güclü iştirak etmədiyini vurğulayıb.

Azərbaycan tələbələrinin təhsili məsələsinə toxunan Əli Abbasov qeyd edib ki, bu sahədə bütün uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü, onun elm yönlü iqtisadiyyatın və yüksək intellektual səviyyəli Azərbaycan cəmiyyətinin yaradılması istiqamətində göstərdiyi səyləri nəticəsində əldə olunur, dünyanın aparıcı tədris müəssisələrində təhsil isə ölkə Prezidentinin bu inkişaf prosesinə danılmaz töhfəsidir. Öz növbəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə bu işdə lazımi dəstəyi verir.

Görüşdə Fondun fəaliyyəti haqqında qısa məruzə oxunub, xüsusən də bildirilib ki, 2005-ci ildən etibarən Fond 168 tələbənin xaricdə təhsil almasına dəstək verib. Qeyd olunub ki, tələbələrin əksəriyyəti informasiya texnologiyaları ilə bağlı ixtisaslar üzrə təhsil alır.

Görüşdə çıxış edən tələbələr nazirlik, xüsusən də Əli Abbasova minnətdarlıqlarını bildiriblər və öz təhsilləri, xaricdəki həyatları, təhsil aldıqları ölkədə həmvətənləri ilə əlaqələri, eləcə də Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi və digər məsələlər barədə məlumatın geniş yayılması istiqamətində təşkil etdikləri tədbirlər haqqında danışıblar. Bundan əlavə, görüşdə tələbələrin əsasən tədris məsələləri, bundan irəli gələn maliyyə problemləri dinlənilib. Nazir tələbələrin bütün problemlərinin qısa müddətdə həll olunmasına dair göstəriş verib.

"Bizim tərəfdən təhsiliniz üçün bütün lazımi şəraitlər yaradılacaq, lakin siz bütün diqqətinizi öz təhsilinizə yönəltməlisiniz və sizinlə, eləcədə Azərbaycanın gələcəyi ilə bağlı ümidlərimizi doğrultmalısınız", - deyə Əli Abbasov görüşün sonunda qeyd edib. Nazir tələbələrin təhsili üçün yaradılmış bütün imkanlardan maksimal istifadə olunmanın zəruriliyini xüsusi vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə