Oruc açmaq neçəyə başa gələcək? ARAŞDIRMA

Oruc açmaq neçəyə başa gələcək? ARAŞDIRMA
Müsəlman aləmi müqəddəs Ramazan ayının ilk gününü yaşayır. Oruc tutanların gün ərzində özlərini yaxşı hiss etmələri üçün imsaq və iftarda kalorili yeməklər yemək məsləhət görülür.


Hər il Ramazan öncəsi və bayram günlərində dükan-bazarlardakı qiymət artımı müşahidə olunur. Bəs görəsən bu il oruc tutanların istifadə etdikləri ərzaq məhsullarının qiymətləri neçəyədir?


Paytaxt ərazisində apardığımız müşahidələr zamanı öyrəndik ki, qiymətində daha çox artım nəzərə çarpan məhsul mal ətidir. Ətin kilosu 7 manat 50 qəpiyə, bəzi hallarda isə 8 manata təklif olunur. Qoyun əti isə 8 manatdır. Satıcılar bildirdilər ki, yay ayı olduğu üçün daha çox mal əti alınır: "Qoyun, balıq ətlərinə tələbat azalıb". Kərə yağının qiyməti 5 manat 40 qəpik, 6 manat arasındadır. Ramazan boyunca gündəlik qida rasionunda yumurta çox istifadə olunduğu üçün yumurtanın qiyməti 8 qəpikdən 10-12 qəpiyə, kənd yumurtasının qiyməti isə 20-qəpikdən 30 qəpiyə qalxıb.

Toyuq ətinin, kolbasanın qiymətində isə fərq yoxdur. Satıcılar Ramazan ayında müsəlmanların bu məhsulları almadığı üçün qiymət artımı gözlənilmədiyini dedilər. İftarı açmaq üçün ən yaxşı təam sayılan xurmanın qiyməti də heç də ucuz deyil. Hazırda qablaşdırılmış 250 qramlıq xurma 1 manat 50 qəpiyədir. Ən pisi isə odur ki, bu qutuların üzərində nə istehsal tarixi, nə də son istifadə müddəti barədə məlumat toxdur. Bazarda meyvə-tərəvəzin qiyməti isə od tutub yanır. Hazırda 2 manat, 2 manat 50 qəpikdən ucuz meyvə tapmaq müşkül məsələdir.

Onu da nəzərə almaq lazımdır ki, bu gün Ramazan ayının ilk günüdür. Ayın sonuna kimi qiymətlərin necə olacağı isə hələ məlum deyil.


Yeri gəlmişkən deyək ki, müsəlman aləmində qiymətlərin süni qaldırılması spekulyasiya hesab olunur və bu hal İslamda qadağan olunur.

Əksər müsəlman ölkələrində qiymətlərin səbəbsiz qaldırılmasına qarşı ciddi tədbirlər görülür. Ramazan öncəsi və bayram günlərində oruc tutanlar üçün məhsullar ucuzlaşdırılır, oruc süfrələri açılır, hətta təklif olunan xidmətlərin də qiymətlərində endirim olunur. Məsələn, Türkiyədə mehmanxanalarda turizm mövsümünün Ramazan ayı ilə üst-üstə düşməsi səbəbindən qiymətlərdə böyük məbləğli endirim edirlər. Səudiyyə Ərəbistanında qiymətlərin qazanc məqsədilə qaldırılmasının qadağan olunması barədə dini-hüquqi qətnamə çıxarılır. Bu ölkədə qiymətlərin artırılması müsəlmanlara zərər gətirəcək haqsızlıq kimi izah edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com