Səfir Böyük Britaniya şirkətlərini ölkə iqtisadiyyatına sərmayə yatırmağa dəvət edib

Səfir Böyük Britaniya şirkətlərini ölkə iqtisadiyyatına sərmayə yatırmağa dəvət edib

Böyük Britaniyada nəşr olunan Exchange-Beynəlxalq Biznes və Diplomatiya jurnalının iyul sayında Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovla müsahibə dərc edilib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, müsahibədə əsasən Azərbaycan iqtisadiyyatında davamlı inkişaf, ölkəmizin enerji sektorunun cari vəziyyəti və inkişaf perspektivləri, enerji gəlirlərinin idarəolunması sahəsində həyata keçirilən tədbirlər, o cümlədən Dövlət Neft Fondunun fəaliyyəti, Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq, xüsusilə neft-qaz ehtiyatlarının işlənməsində Britaniya şirkətlərinin rolu, Azərbaycanın 2011-ci il Eurovision Mahnı Müsabiqəsində qələbəsi və turizmin inkişafı ilə bağlı məsələlər əhatə olunub.

Səfir ölkənin makroiqtisadi göstəricilərinin ildən-ilə yüksəldiyini və bunun əsasında ölkədə mövcud siyasi sabitlik və həyata keçirilən iqtisadi kursun dayandığını bildirib. Regional əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsinin iqtisadi inkişafa təkan verdiyini, enerji gəlirlərinin səmərəli idarəolunması üçün hökumət tərəfindən Dövlət Neft Fondunun təsis edildiyini qeyd edib. Britaniya şirkətlərinin Azərbaycanın enerji ehtiyatlarının işlənməsində və ixracında xüsusi rolunu vurğulayıb, hazırda qeyri-neft sektoruna marağın artdığını nəzərə çatdıraraq, Britaniya şirkətlərini ölkə iqtisadiyyatına sərmayə yatırmağa dəvət edib.

Cari ilin Azərbaycanda "Turizm İli" elan olunduğu, zəngin turizm ehtiyatlarına malik ölkəmizdə hazırda turizmin inkişafının prioritet istiqamətlərdən olduğu vurğulanıb. Bu ilin sonuna qədər paytaxt Bakıda dünya şöhrətli beşulduzlu mehmanxanaların açılacağı, regionlarda turizmin inkişaf etdirilməsi üçün layihələrin icra olunduğu qeyd olunub. 2011-ci il Avroviziya Mahnı Müsabiqəsində qələbə münasibəti ilə səfir Azərbaycan xalqına təbriklərini çatdırıb, gələn il paytaxt Bakıda keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinin xalqımızın zəngin mədəniyyətinin nümayişi və turizmin inkişafına yaxşı fürsət yaradacağını əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə