Azərbaycanda uşaqlara qarşı zorakılıq hallarının artması müşahidə edilib

Azərbaycanda uşaqlara qarşı zorakılıq hallarının artması müşahidə edilib

Son illərdə Uşaq Hüquları üzrə Azərbaycan QHT Alyansı və digər yerli və beynəlxalq təşkilatları tərəfindən aparılan araşdırmalara görə Azərbaycanda uşaqlara qarşı zorakılıq hallarının artması müşahidə edilib. SİA-nın xəbərinə görə, bu araşdırmalar nəticəsində zorakılığın ən çox rast gəlinən formalarına məişət zorakılığı, uşaqlara qarşı etinasızlıq, cinsi zorakılıq, internet vasitəsi ilə zorakılıq, KİV-də zorakılıq qurbanı olan uşaqların məxfiliyinin qorunmaması və s. qeyd etmək olar. Belə halların mövcudluğu, xüsusən də gələcəyimiz olan uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması ciddi addımların atılmasını tələb edir.

2010-cu il oktyabr ayından etibarən Ümidli Gələcək Gənclər Təşkilatı üç Qafqaz ölkəsinin iştirakı ilə "Uşaqlara qarşı zorakılıq və etinasızlığın aradan qaldırılması" adlı uzun müddətli layihənin icrasına başlayıb. Layihə Uşaqlara qarşı zorakılıq və etinasızlığın profilaktikasına dair Beynəlxalq Cəmiyyət (İSPCAN), Açıq Cəmiyyət İnstitutu –Yardım Fondu və OAK Fondunun maliyyə və texniki dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində üç Qafqaz ölkəsinin layihə əməkdaşları müxtəlif dövlət qurumları və QHT nümayəndələrindən ibarət yaradılmasına təkan verilən çoxtərəfli mütəxəssislər qrupunun nümayəndələrinin iştirakı ilə Tiflis şəhərində 3 günlük konfrans təşkil edilib. Konfransda fəaliyyət və təlim-tədris planı hazırlanıb, layihənin ilkin addımi kimi həyata keçirilən sorğuların nəticələri müzakirə edilib və bunun əsasında hər bir ölkədə uşaqlarla işləyən qurumlar barədə, habelə uşaqlara göstərilən xidmətlər və onların çeşidi təhlil edilib. Konfransın uğurlu nəticəsi kimi uşaqlara qarşı zorakılığın aradan qaldırılması sahəsində əməkdaşlıq edəcək QHT- lərin Regional şəbəkəsi yaradılmış və Ümidli Gələcək Gənclər Təşkilatının da nümayəndələri həmin şəbəkənin İdarə Heyətinə seçilib.

Layihə çərçivəsində zorakılıq və etinasızlıq hallarının qarşısını almaq və mövcud halların vaxtında müəyyən edilməsini təmin etmək məqsədilə, Ümidli Gələcək Gənclər Təşkilatı QHT Alyansının dəstəyilə bu sahədə fəaliyyət göstərən QHT və dövlət qurumları ilə əməkdaşlıqda "Zorakılığa Məruz Qalmiş Uşaqlarla Sosial-Psixoloji Xidmət və Hüquqi Yardım İşinin Təşkili" mövzusunda silsilə təlimlər təşkil edir. Bu silsilədən olan ilk təlim 1-2 avqust tarixində Media Mərkəzində təşkil ediləcək. Təlimdə İnsan hüquqları üzrə Müvəkkilin (Ombudsman), Daxili İşlər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin, yerli QHT-lərin nümayəndələrinin iştirakı nəzərdə tutulub. Təlimdə zorakılıqdan qorunmağa ehtiyacı olan uşaqların müəyyən edilməsi, zorakı valideyn tipləri, uşaqları zorakılıqdan qorumağın hüquqi təminatları, beynəlxalq və milli qanunvericilik və təcrübə, zorakılıq qurbanı olmuş uşaqla müsahibənin xüsusiyyətləri, zorakılıq qurbanı olmuş uşaqlarla psixo-sosial iş, böhrana müdaxilə, böhranda olan ailələrə və uşaqlara kömək, ünsiyyət vərdişləri və tərzləri kimi mövzulara toxunulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə