Bu gün 200 yeniyetmənin “Şahinlər” yay istirahət düşərgəsinə yolasalma mərasimi keçirilib-FOTOSESSİYA

Bu gün 200 yeniyetmənin “Şahinlər” yay istirahət düşərgəsinə yolasalma mərasimi keçirilib-FOTOSESSİYA

Bu gün Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü, Quba rayon İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanlığı və "Çağ" Öyrətim Şirkətinin birgə layihəsi əsasında 200 nəfər yeniyetmənin Quba şəhərində yerləşən Bakı Türk Liseyinin Quba filialının bazasında yaradılan hərbi-vətənpərvərlik təmayüllü "Şahinlər" yay istirahət düşərgəsinə yolasalma mərasimi keçirilib. SİA- nın xəbərinə görə, ənənəvi xarakter daşıyan və artıq 6-cı dəfə keçirilən düşərgədə Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə fərqlənən şagirdlər, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində tərbiyə alan uşaqlar iştirak edirlər.

Mərasim Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayıb. Səbail rayon rəhbərliyi, DİN Daxili Qoşunlar Komandanlığının, düşərgəyə yollanan yeniyetmələrin, onların valideynlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə "Sahil bağı"nda təşkil olunan yolasalma mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkə prezidenti cənab İlham Əliyevin yeniyetmə və gənclərin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışıb. O, layihənin həyata keçməsi istiqamətində görülən işlərdən söhbət açıb, uşaqlara şən və yaddaqalan istirahət arzulayib. İcra başçısı qeyd edib ki, düşərgənin fəaliyyəti təşkilatçıların diqqət mərkəzində olacaq, burada istirahət üçün hər cür şərait yaradılacaq: "Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra təşkilati işlər həyata keçirilib. Bir neçə gün əvvəl istirahətə göndərilən uşaqlar və onların valideynləri ilə düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüş keçirilib, onlara düşərgə, burada istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə ətraflı məlumat verilib. Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınıb, Daxili Qoşunların Quba şəhərindəki "N" saylı hərbi hissəsi tərəfindən düşərgənin həyətində hərbi-səhra çadırları, səhra yeməkxanası qurulub, Daxili Qoşunlar, DQ-ın yaranması, vəzifələri və döyüş yolu, buradakı xidmət, döyüş texnikası və təminatı barədə, həmçinin Milli Qəhrəman Mübariz İbrahimova və "Şahinlər" düşərgəsinin əvvəlki illərinə həsr olunan stendlər quraşdırılıb".

Vurğulanıb ki, Bakıdan gedən uşaqlara Qubadakı düşərgədə rayonun Zərdabi adına Xüsusi İnternat məktəbinin şagirdləri də qoşulacaq. Düşərgə Daxili Qoşunlar Komandanlığı və Bakı Özəl Türk Liseyinin Quba filialı tərəfindən tələb olunan bütün ləvazimatlarla təmin olunub. Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət dövründə onlar üçün bir neçə dəfə təbiət qoynunda nahar təşkil olunacaq. Bu il düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar. Həmçinin, Daxili Qoşunların zabitləri, çavuş və əsgərlərindən ibarət qrup düşərgəyə təhkim olunaraq burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər. Düşərgədə uşaqların istirahətinin daha maraqlı və yaddaqalan edilməsi üçün burada məşğələlər hərbi nizamnaməyə uyğun tərzdə hərbçilər tərəfindən keçiriləcək. Düşərgənin mühafizəsi və burada təhlükəsizlik məsələləri də DQ tərəfindən həyata keçiriləcək. İstirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunacaq, onlar həm də Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə yaxından tanış olacaqlar.

Tədbirin sonunda Daxili Qoşunların orkestrinin marş sədaları altında yeniyetmələr Qubaya yola düşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə