İsveç Azərbaycanlıları Konqresi həmsədrləri Ermənistan prezidentinin təcavüzkar ritorikasina qarşı etiraz notası verməyə çağırır

İsveç Azərbaycanlıları Konqresi həmsədrləri Ermənistan prezidentinin təcavüzkar ritorikasina qarşı etiraz notası verməyə çağırır

İsveç Azərbaycanlıları Konqresi Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olunmasında maraqlı olan BMT, ATƏT və beynəlxalq vasitəçiləri Ermənistan prezidenti Serj Sarkisyanın erməni gəncliyində yanlış fikir yaradan işğalçı xarakterli bəyanatlarına kəskin etirazlarını bildirməyə çağırır. SİA-nın xəbərinə görə, İsveç Azərbaycanlıları Konqresinin yaydığı bəyanatda qeyd olunur ki, Serj Sarkisyanın "Qarabağ düşmənlərdən azad olunub, yeni nəsil isə Ağrı dağı almalıdır" bəyanatı erməni gəncliyinin yeni nəslində qonşu ölkələrə qarşı nifrətin formalaşmasına xidmət edir və dövlət xadiminə yaraşmayan bir hərəkətdir. ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Bakı ilə Yerevan arasında danışıqlar prosesinin davam etdirilməsinə səy göstərdiyi bir vaxtda prezident Serj Sarkisyanın belə bir bəyanat verməsi Ermənistan siyasi elitasının Azərbaycan torpaqlarının işğalı faktını qəbul edərək, məqsədəyönlü surətdə ATƏT-in Minsk qrupunun sülhün əldə olunması üzrə səylərinə əngəl törətməyə cəhd etdiyini və bununla da beynəlxalq hüququn başqa dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılmasına dair bir norma və prinsiplərini kobud şəkildə pozduğunu bir daha təsdiqləyir.

Bəyanatda BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, NATO, Avropa Parlamenti, İslam Konfransı Təşkilatının Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları və Ermənistanın özünün hərbi qüvvələrini işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və Azərbaycanın digər 7 rayonunda çıxarılmasını tələb edən qətnamələr qəbul etdiyi qeyd olunur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin diqqətlə izlədiyini qeyd edən İsveç Azərbaycanlıları Konqresi Serj Sarkisyanın bəyanatının Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya Federasiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Kazanda keçirilən görüşündən bir ay sonra verilməsindən narahatlığını ifadə edir. İsveç Azərbaycanlıları Konqresi hesab edir ki, Ermənistanın dövlət başçısının bu cür sərt bəyanatları bu ölkə rəhbərliyinin Azərbaycan torpaqlarının işğalı siyasətinə sadiq qaldığını və gələcəkdə Türkiyə Respublikasına qarşı da ərazi iddiaları irəli sürmək niyyətində olduğunu nümayiş etdirir. İsveç Azərbaycanlıları Konqresi Serj Sarkisyanın erməni gənclərini qonşu xalqlara qarşı yeni cinayətlərə və təcavüz aksiyalarına ruhlandırmasından və beynəlxalq norma və prinsiplərin ziddinə olaraq regionda yeni işğal aktlarına səsləməsindən narahatdır.

"Biz Azərbaycan və Türkiyə hökumətlərinin xalqlarımızın bir-biri ilə sülh və əmin-amanlıq şəraitində yaşamağı öyrənməli olmasına və qonşu ölkələrin ərazilərinin işğalına son qoyulmasına dair rəsmimövqelərini dəstəkləyir və hesab edirik ki, bizim xalqların gələcək nəsillərində bub ideyanı tərbiyə etmək gərəkdir. İsveç Azərbaycanlıları KonqresiCənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olunmasında maraqlı olan BMT, ATƏT və beynəlxalq vasitəçiləri Ermənistan prezidenti Serj Sarqsyanın erməni gəncliyində yanlış fikir yaradan işğalçı xarakterli bəyanatlarına kəskin etirazlarını bildirməyə çağırır", - deyə İsveç Azərbaycanlıları Konqresinin bəyanatında vurğulanır. İsveç Azərbaycanlıları Konqresi hesab edir ki, Avropada mövcud olan mehriban qonşuluq təcrübəsi kimi, Azərbaycan, türk və erməni xalqlarının gənc nəsilləri arasında da yeni işğalın və hərbi əməliyyatların başlanmasının qarşısının alınması üçün dialoq yaradılmalı, siyasi liderlər, eləcə də diaspor təşkilatları da bu prosesə dəstək verməlidirlər. Açıq və azad Avropa ölkəsində fəaliyyət göstərən İsveç Azərbaycanlıları Konqresi təcili olaraq Ermənistan rəhbərliyinin ünvanına kəskin etiraz bildirilməsinə və dövlət xadimlərinin gələcəkdə bu cür hərəkətlərinin qarşısının alınması üçün zəruri addımların atılmasına çağırır. İsveç Azərbaycanlıları Konqresi həmçinin beynəlxalq vasitəçilərdən prezident Serj Sarqsyanın bəyanatına qarşı etiraz notası ilə çıxış etməyə və Ermənistan rəhbərliyini gələcəkdə bu cür çıxışlardan çəkindirməyə səsləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə