“41 dərəcə istidə işçilərin sərinləməsi üçün fasilələr verilməlidir”
Son günlər ölkədə isti hava şəraitinin hökm sürməsi ilə əlaqədar idarə, müəssisə və təşkilatlarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Xidmətdən SİA-ya bildiriblər ki, havanın temperaturunun +41 dərəcə selsidən yuxarı olduğu hallarda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, bütün işəgötürənlər, mülkiyyət formasından asılı olmayaraq, acıq havada və soyuducu qurğuları olmayan, örtülü yerlərdə bütün növ işləri dayandırmalı və yaxud işçilərin sərinləməsi üçün fasilələr verməlidirlər. Fasilənin sayı və müddəti işəgötürənlə Həmkarlar İttifaqının birgə qərarı əsasında müəyyən olunur. Verilmiş bütün fasilələr iş vaxtına daxil edilir və aylıq tarif maaşına hesablanır.
Əmək Məcəlləsindən irəli gələn müvafiq tələblərin yerinə yetirilməməsinə görə işəgötürənlər İnzibati Xətalar Məcəlləsi (İXM) ilə məsuliyyətə cəlb olunurlar. Belə ki, işçilərin əməyinin mühafizəsi qaydalarının pozulmasına görə, işəgötürənlərin İXM-nin 54-cü maddəsi ilə 1000 manatdan 2000 manata qədər cərimə olunması nəzərdə tutulur.
Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hazırda respublikanın bütün regionları, xüsusən aran zonaları üzrə bu sahədə vəziyyətə dövlət nəzarətini təmin etmək üçün xüsusi qruplar yaradılıb və həmin qruplar fəaliyyətini davam etdirirlər. Xidmət bütün işəgötürənlərə müraciət edərək, qeyd olunan tələblərin yerinə yetirilməsini təmin etməyə çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB