Munir Məmmədzadə: “Uşaq hüquqlarının daha yaxşı müdafiə olunması üçün görüləsi işlər çoxdur” - MÜSAHİBƏ
UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin Uşaq müdafiəsi şöbəsinin müdiri Munir Məmmədzadənin SİA-ya müsahibəsi
- Cari il ərzində sizin təşkilat tərəfindən uşaq hüquqlarının müdafiəsi istiqamətində nə kimi işlər görülüb və hansı nəticələr əldə olunub?
- Bu istiqmətində işlər çox böyükdür və UNİCEF-in bütün ölkələrdəki fəaliyyəti məhz uşaq hüquqlarının müdafiəsinə yönəlib. Uşaq hüquqlarının qorunması dedikdə buraya hər bir sahə -uşaqların sağlamlığı, təhsili, müdafiəsi, müəyyən proseslərdə iştirakı və digərləri nəzərə alınmalıdır. Bizim gördüyümüz işlər davamlı olur. Biz deyə bilmərik ki, bu ilin 6 ayı ərzində müəyyən konkret, hansısa nəticələr əldə olunub. Çünki bu proses bir neçə ildir ki, davam edir. UNİCEF olaraq əsas məqsədimiz və fəaliyyət istiqamətimiz Azərbaycan hökumətinə BMT-nin Uşaq Hüquqlarının Konvensiyasına dəstək verməkdən ibarətdir. Bu istiqamətdə müəyyən texniki dəstəyimizi veririk, müətəmadi olaraq dövlətə qanunların, siyasətlərin formalaşmasında müəyyən tədbirlərin görülməsində yardımçı olur, öz məsləhətlərimizi veririk. Uşaqların müdafiəsi məsələlərinə gəldikdə, hazırda Azərbaycan üçün YUNİCEF olaraq birgə müəyyən etdiiyimiz istiqamətlər valideyn himayəsindən məhrum olan uşaqların müdafiəsidir ki, burada Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı 2006-cı ildə qəbul olunub və 2015-ci ilə kimi həyata keçiriləcək. Burada ilk növbədə valideyn himayəsindən məhrum olan uşaqların dövlət uşaq müəssisələrinə düşmələrinin qarşısını almaq məqsədilə alternativ, icma əsaslı xidmətlərin tətbiq edilməsi, bu xidmətlər üçün standartların hazırlanması və tətbiq edilməsi, təcrübədə və sonradan öz bioloji ailələri olduğu halda onların öz ailələrinə qaytarılması, bu olmadığı halda isə onların alternativ ailələrə, himayədarlara və qəyyumluğa verilməsidir.
Digər böyük istiqamət isə yuvenal ədliyyə hesab edilir. Burada həm cinayət, hüquq pozuntusu törətmiş yetkinlik yaşına çatmayanların müdafiəsi, eyni zamanda, cinayət qurbanı olan yetkinlik yaşına çatmayan uşaqların təhsili ilə bağlıdır ki, bu istiqamətdə də Azərbaycan hökuməti, xüsusəndə hüquq mühafizə orqanları ilə əməkdaşlıq edirik. Bu istiqamətdə yeni qanun layihəsi hazırlanır və Milli Məclisin payız sessiyasına təqdim olunacaq.
Bunadan əlavə, daha bir layihə həyata keçirilir. Belə ki, yetkinlik yaşına çatmayan uşaqlar cinayət törətdikdə onların cəzaçəkmə müəssiələrinə göndərilməsi deyil, alternativ üsullarla cəmiyyətə qaytarılması məqsədi daşıyır. Çünki hər hansı bir yeniyetmə cinayət törədirsə, onun cinayət törətmə motivləri böyüklərdən fərqli olur. Ona görə də bizim yanaşmamız da fərqli olmalıdır.
Digər işimiz Azərbaycanın qoşulduğu müvafiq konvensiyaların əlaqələridirilməsinə və monitorinqinə dəstək verməkdir. Buraya BMT-nin Uşaq Hüquqları Konvensiyası və BMT-nin Əlilliyi olan şəxslərin müdafiəsi haqqında Konvensiyasından söhbət gedir. Dəlil və sübutlar toplamaq üçün araşdırmalar aparırıq. Bu ilin əvvəlində doğum qeydiyyatı ilə bağlı araşdırmanı yekunlaşdırmışıq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə aparılan küçə uşaqları ilə bağlı araşdırmanın nəticələri bu yaxınlarda işıq üzü görəcək. Bundan əlavə, sentyabr ayına kimi yekunlaşdırılması nəzərdə tutulan əlilliyi olan şəxslərlə bağldlır. Bundan başqa, xüsusi olaraq Ombudsman Aparatı ilə əməkdaşlıq edir və uşaqlarla bağlı xüsusi müstəqil nəzarət monitorinqini yaratmağı təbliğ edirik. Hazırda uşaqlar üçün xüsusi ixtisaslaşmış ombudsmanın müavini və ya hansısa digər qurumun yaradılmasını təbliğ edirik. Ümumiyyətlə, fəaliyyətimiz çox geniş və əhatəlidir. Digər prioritet istiqamətimizdə müvafiq dövlət orqanlarının və vətəndaş cəmiyyətinin bilik və bacarıqlarının artırılmasıdır. Bu birbşa bizim vəzifəmizə aid olan bir məsələdir ki, mütəmadi olaraq dövlət qurumları nümayəndələrinin biliyini artırırıq ki, müvafiq qurumlar bu işdə öz fəaliyyətlərini düzgün qura bilsinlər. İstənilən beynəlxalq hüquqa görə dövlət öhdəlik və məsuliyyət daşıyır. İstənilən kateqoriyadan olan, xüsuilə uşaqların müdafiəsi birbaşa olaraq dövlətin səlahiyyətinə aiddir. Sözsüz ki, biz burada valideynlərin, cəmiyyətin rolundan danışa bilərik. Amma son anda dövlət əsas tərəfdaşdır və hüquqların qorunmasında məsuliyyət daşıyır.
- Uşaq hüquqlarının qorunmasında bu gün mövcud problemlər nədən ibarətdir və bunların həllində əsas məsuliyyət kimlərin üzərinə düşür?
- Bu problemlər çox şaxəlidir və sözsüz ki, hələ bir çox görüləsi işlər var. Bu həm də bu yaxınlarda Azərbaycanın alternativ hesabatında müəyyən boşluqlar aşkarlanıb. Bununla əlaqədar olaraq dövlətə müəyyən tövsiyələr göndəriləcək. Hər bir mənada hüquqların qorunması istiqamətində dövlət məsuliyyət daşıyır. Uşaq hüquqları çoxşaxəli və geniş bir sahədir. Biz deyə bilmərik ki, hər hansısa bir qurum təklikdə bunların hamısını həll edə bilər. Burada xüsusi olaraq yerli strukturları qeyd etmək istərdim. Çünki yeni səviyyədə hansısa bir standartların hazırlanması və qəbul edilməsi kifayət deyil. Onların yerlərdə icra olunması üçün yerli icra strukturlar tərəfindən ödənilir. Amma biz problemləri müəyyən etsək, görərik ki, iqtisadi inkişafla müqayisədə sosial sahənin inkişafı, bura ayrılan maliyyə vəsaiti və diqqət balanslı şəkildə qurulmayıb. Bundan əlavə, xüsusi risk qrupuna daxil olan, xüsusi müdafiəyə ehtiyaci olan, əlilliyi olan uşaqların cəmiyyətdən təcrid olunması məsələsi və bir sıra problemlər-təhsilin keyfiyyəti, səhiyyə xidmətlərinə çıxışlar, aztəminatlı ailələrin sosial problemlərinin həlli kompleks şəkildə həll olunmalı problemlərdir. Burada əlaqələndirmənin rolu çox vacibdir. Ona görə də biz fəaliyyətimiz daha çox Nazirlər Kabineti ilə də əlaqələndirməyə çalışırıq ki, bu prosesdə bütün qurumların iştirakı tələb olunur və heç bir qurum ayrılıqda həyata keçirilə bilməz. Amma bu məsələdə qeyri-hökumət təşkilatlarının da rolu çox vacibdir. Çünki onlar əhali arasında olur, öncül problemləri hiss edə bilir və dövlət qurumları da onlarla daha açıqdır.
- Bu gün Azərbaycan cəmiyyətinin uşaq hüquqlarının qorunması ilə bağlı maarifləndirilməsinə nə dərəcədə ehtiyac var? Əgər varsa, bu istiqamətdə hansı işlər həyata keçirilir?
- Buna həqiqətən çox böyük ehtiyac var. Biz mütəmadi olaraq Azərbaycan hökuməti, eyni zamanda Heydər Əliyev Fondu ilə bu istiqamətdə fəaliyyətimizi qururuq. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondu ilə birgə əlilliyi olan uşaqlara qarşı ayrıseçkiliyin və stiqmanın aradan qaldırılmasına dair maarifləndirmə işlər görürük. İstənilən halda bütün dəyişikliklər birbaşa olaraq düşüncə tərzinin və təfəkkürün dəyişdirilməsi ilə bağlıdır. Əgər biz bu gün əlilliyi olan uşaqları cəmiyyətdə qəbul etmiriksə, bu əlilliyi olmaya şəxslərin düşüncə tərzi ilə bağlı olan məsələdir. Bir çox islahatları həyata keçirmək, o cümlədən uşaq problemlərini daha yaxından dərk etmək, qabartmaq üçün bu məsələləri tam əhatəli qəbul etmək lazımdır. Hər kəs deyir ki, uşaqlar bizim gələcəyimizdir. Onlar üçün hər şeyi edirik. Amma reallıqda uşaqları cəmiyyətin tam hüquqlu üzvü kimi qəbul etməməyimiz, onları hələ də bacarıqsız olmaları səbəbindən onlara lazımi diqqət yetirmədiyimiz üçün lazımi hüquqlarını təmin edə bilmirik. Qız uşaqlarının erkən nigaha yönəldilməsi, təhsil olmaması, uşaqların qidalanması ilə bağlı müəyyən problemlər var və bu da təfəkkürlə bağlıdır. Biz təbliğ edirik ki, uşağın qidalanması ilkin dövrdə çox vacib məsələdir. Əgər qidalanma düzgün qurulmursa, bu gələcəkdə onların fiziki, psixoloji geriləməsinə səbəb ola bilər. Bunların da hər biri maarifləndirmə ilə bağlı ola bilər. İndi biz yalnız təlimin keçirilməsi, sosial çarxların verilməsi ilə kifayətləndirməməlidir. Cəmiyyətdə əhali, valideynlərlə uşaqların özləri, bu sahəyə cavabdeh olan qurumları ilə birbaşa işləyib, onların maarifləndirilməsindən ibarətdir.
- Uşaq hüquqlarının müdafiəsi ilə bağlı valideynlərə, dövlət qurumlarına, cəmiyyətə məsləhət və tövsiyələriniz...
- Deyərdim ki, istənilən halda dövlət qurumları bu məsələrdə məsuliyyət daşıyır. Xüsusən bizim cəmiyyətdə mentalitet məsələləri mühüm rol oynayır. Və təəssüflər olsun ki, bir çox hallarda müvafiq dövlət qurumları bu məsələdən bir pərdə olaraq əsaslandırılmamış şəkildə qeyd edilir. Dövlət orqanlarının xüsusi rolu var ki, valideynlik bacarıqlarına artırılması, aşılanmasında dövlət müəyyən proqramlar həyata keçirilməlidir. Kifayət qədər ailə quran insanlar var ki, valideyn olmanın, bu prosesin mahiyyətini dərk etmirlər. Burada yerli strukturların, müvafiq dövlət qurumlarının əlaqələndirilməsi, gücləndirilməsi, problemlərin daha ciddi nəzərə alınmalıdır. Çünki biz demokratik bir cəmiyyət qurmaq istəyiriksə, gələcəyimizi inkişaf etmiş ölkə kimi görmək istəyiriksə, bu prosesə uşaqlıq, erkən dövrdən başlamaq lazımdır. Uşaqlara hətta bağçadan da əvvəl bu ideyaları, fikirləri, uşaqlara aşımalıyıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB