Respublikanın Hərbi Prokuroru: “2011-ci ilin birinci yarısında cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb”
Respublika Hərbi Prokurorluğunda 2011-ci ilin birinci yarısında cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kollegiya iclasında çıxış edən Baş prokurorunun müavini, respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki, cari ilin 6 ayında hərbi prokurorluq orqanları silahlı birləşmələrdə hərbi nizamnamələrin tələblərinə əməl edilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi, hərbi qurumlarda qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində fəaliyyətini daha da artırıb, ordu quruculuğuna mənfi təsir edə biləcək bir çox cinayət hadisələrinin üstü açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, digər təsirli tədbirlər görülüb.
Hərbi prokuror bildirib ki, əvvəlki hesabat dövrü ilə müqayisədə 2011-ci ilin birinci yarısında qeydə alınmış tabelik qaydasının əleyhinə, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə, maşınları idarəetmə, istismar qaydalarını pozma, özünü öldürmə, qulluğa səhlənkar yanaşma mülkiyyət əleyhinə olan cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərketmə faktları, ümumiyyətlə, qeydə alınmayıb. Qeydə alınmış cinayətlərin 98,8 faizi, o cümlədən bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı sağlam və işgüzar əlaqələrinin yaranmasının, habelə təsdiq olunmuş plan əsasında həyata keçirilən birgə tədbirlərin çox böyük əhəmiyyəti olub. Bununla yanaşı, qeyri-hərbi cinayətlərin sayı artıb.
Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə bu növ cinayətlərin qarşısının alınması üçün Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə həmin cinayətlərin məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə müzakirə edilib. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Silahlı Qüvvələrdə törədilən cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilmiş və icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayət hadisələri və həmin hadisələrlə bağlı başlanmış cinayət işlərinin istintaqından danışıb. X. Vəliyev bildirib ki, Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunaraq cinayət işi üzrə 287 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib.
Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB