Bakıda 15 ədəd çoxillik Eldar şamı yandırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu T.Şıxəliyev və Kazımzadə küçələrinin arasında yerləşən ərazidəki şam ağaclarının yandırılması barədə daxil olmuş şikayəti nazirliyin əməkdaşları araşdırıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, sözügedən ərazinin 300 m2-lik sahəsində yanğın nəticəsində 15 ədəd çoxillik Eldar şamı cinsli ağaclar boy inkişafı dayanacaq dərəcədə yanıb: "Baş vermiş yanğına səbəb ağacların yerə tökülmüş yarpaqlarının yandırılması olub. Faktla bağlı akt və protokol tərtib olunub. Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 37 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Nurəddin Abbasova vəzifəli şəxs qismində inzibati qaydada 10 000 manat məbləğində cərimə tətbiq edilib və təbiətə dəymiş ziyana görə qanunvericiliyə uyğun iddia qaldırılıb. Yaşıllıq ərazisindəki ağaclara aqrotexniki xidmət göstərilməsi üçün Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan müddətli "Məcburi göstəriş" verilib".

Bütün xəbərlər Facebook səhifəmizdə