Raqif Abbasov: “Görülən işlər onu göstərir ki, biz yüksəlişə doğru və yeni zirvəyə çox yaxınlaşmışıq”-MÜSAHİBƏ

Raqif Abbasov: “Görülən işlər onu göstərir ki, biz yüksəlişə doğru və yeni zirvəyə çox yaxınlaşmışıq”-MÜSAHİBƏ

Bakı şəhər Gənclər və İdmann Baş İdarəsinin rəisi Raqif Abbasovun SİA-ya müsahibəsi


- Bir neçə gündür ki, Rumıniyanın hakim Demokrat Liberal Partiyasının gənclərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Sizcə, bu səfər çərçivəsində keçirilən görüşlər gənclər arasındakı sonrakı əməkdaşlığa nə kimi töhfələr verəcək?

- Azərbaycan beynəlxalq əlaqələrin inkişafına, genişləndirilməsinə maraqlı bir ölkədir. Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasının bütün sahələrdə olduğu kimi gənclər sahəsində də mühüm rolu var. Bu gün Rumıniyanın hakim partiyasının nümayəndə heyətinin Azərbaycana səfəri və Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ilə bərabər Azərbaycan həqiqətlərini bir daha öyrənməsi onu göstərir ki, ölkəmiz artıq yeni mərhələyə qədəm qoyub və artıq bugünki gündə göstəriləsi, təbliğ ediləsi yetərincə məhsulumuz var. Biz söhbətlər zamanı da hiss etdik ki, Azərbaycanın bir çox məsələlərindən nümunə götürməyə və özlərində tətbiq etməyə maraqlı olan ölkələr var. Bir sıra ölkələrlə yanaşı, Rumıniyadan gələn qonaqlar da bunu xüsusi olaraq vurğuladılar. Azərbaycanda gənclər siyasəti, qanunvericiliklə gənclər siyasətinin möhkəmlənməsi və gənclərə olan diqqət, dövlət və qeyri-hökumət təşkilatlarında gənclərin rolu bir daha onu göstərir ki, Azərbaycan hökuməti, dövləti, başda cənab Prezidentimiz olmaqla gənclər siyasətinin həyata keçməsində, beynəlxalq əlaqələrinin güclənməsində maraqlıdırlar. Bu da yalnız Azərbaycanın xeyrinədir və bizi zirvələrə aparan bir yoldur.


- Bu gün Azərbaycan gənclərinin beynəlxalq aləmə inteqrasiyası sizi bir idarə rəisi olaraq qane edirmi?

- İstənilən halda bütün beynəlxalq institutlarda Azərbaycanı təmsil etmək prosesi davam etməkdədir. Dövlət gənclər siyasəti haqqında qanunun yeni bəndlərindən biri də Azərbaycan gənclərinin beynəlxalq institutlarda təkcə təmsilçiliyi deyil, artıq nümayəndə heyətinə rəhbər və aparıcı şəxs qismində təmsil olunmasıdır. Belə olan halda bir çox beynəlxalq təşkilatların tərkibində, idarə heyətində biz Azərbaycan gəncliyini görə biləcəyik. Bu gün bizim əməkdaşlığımız həm postsovet məkanı, eyni zamanda, Mərkəzi və Şərqi Avropa ölkələri ilə daha güclüdür. Biz Avropanın bir hissəsi olaraq gələcəkdə beynəlxalq layihələrin Azərbaycana gətirilməsində maraqlıyıq. Bu baxımdan beynəlxalq əlaqələri dəyərləndirərək görürük ki, bugünki göstəricilərimiz yetərincədir və bu, hələ son deyil.


- Bu gün Azərbaycan gənclərinin beynəlxalq göstəriciləri özündə nələri əks etdirir?

- Beynəlxalq əlaqələrdəki göstəricilərə gəldikdə, görürük ki, Azərbaycan dövlətinin diqqəti bizə bir çox məsələlərdə göstəricilərin yetərli səviyyədə olmasına əsas verir. Qısa zaman kəsiyində Azərbaycana həm "Azərbaycan haqqında nə bilirsən?" layihəsi çərçivəsində bir çox Avropa ölkələrindən gənclərin gəlməsi, Polşa və Rumıniya nümayəndə heyətlərinin gəlməsi, Heydər Əliyev Fondunun Rusiya Federasiyasında nümayəndəliyinin rəhbəri, Fondun vitse-prezidenti, Ümumrusiya Gənclər Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bir qrup Rusiyadan olan gənclərin ölkəmizə gəlməsi, qısa zaman kəsiyində dünya mətbuatında bu səfərlərə münasibət bildirilməsi onu göstərir ki, biz düz yoldayıq. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının III Qurultayında bir daha vurğuladı ki, hər bir azərbaycanlı çalışmalıdır ki, beynəlxalq əlaqələrin güclənməsinə nail olsun, dövlətimizi təmsil etsin, qonaqları Azərbaycan dəvət edərək həqiqəti onların öz gözləri ilə görməsinə çalışsın. Bu proses və görülən işlər onu göstərir ki, biz yüksəlişə doğru gedirik və yeni zirvəyə çox yaxınlaşmışıq. Hesab edirik ki, bizdən sonrakı nəsillərə bunun böyük faydası olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə