Seymur Orucov: \"Rumıniya Liberal Demokrat Partiyasının gənc üzvlərinin Azərbaycana səfəri ölkəmizin uğurlarının təbliğ olunması baxımından əhəmiyyətlidir\" - AÇIQLAMA
"Yeni Azərbaycan Partiyası (YAP) geniş beynəlxalq əlaqələrə malikdir. Bu əlaqələrin nəticəsi olaraq dünya ölkələrinin nüfuzlu siyasi partiyaları ilə münasibətlərimiz güclənir". SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib. S.Orucov bildirib ki, YAP dünya ölkələrinin bir çox böyük siyasi partiyaları ilə əməkdaşlıq edir. Onun sözlərinə görə, Cənubi Qafqazın ən güclü siyasi qüvvəsi olaraq partiyamız beynəlxalq səviyyədə özünəməxsus yer tutur.
"YAP-ın Gənclər Birliyi də beynəlxalq əlaqələrini genişləndirir. Partiyamızın rəhbərliyinin dəstəyi ilə gənclərimiz bir sıra ölkələrin partiyalarının gənclər təşkilatları ilə əməkdaşlıq edirlər. Artıq ikitərəfli əməkdaşlıq çərçivəsində qarşılıqlı səfərlər də intensiv xarakter alıb. Rumıniyanın hakim Liberal Demokrat Partiyasının Gənclər Birliyinin nümayəndələrinin ölkəmizə bu faktın gözəl nümunəsidir", - deyə YAP Gənclər Birliyinin sədri vurğulayıb.
S.Orucov xatırladıb ki, bu ilin may ayında YAP Gənclər Birliyinin nümayəndə heyəti Rumıniyada səfərdə olub. Liberal Demokrat Partiyasının gənc üzvlərinin ölkəmizə gəlişi də məhz həmin səfər zamanı əldə olunmuş razılığın nəticəsində reallaşıb.
"Rumıniya Liberal Demokrat Partiyasının gənclərdən ibarət nümayəndə heyəti ilə səmərəli söhbətlərimiz olub. Onlara Azərbaycanın qazandığı uğurlar, eləcə də partiyamızın fəaliyyəti haqqında ətraflı məlumat verilib. Qonaqlar ölkəmizin bir sıra bölgələrində də səfər ediblər. Rumıniyalı gənclər Azərbaycanın inkişafını əyani şəkildə görürlər. Ölkəmizin dinamik inkişafı onlarda xoş təəssüratlar yaradıb. Hesab edirəm ki, belə səfərlər partiyalar arasında əlaqələrin gücləndirilməsi ilə yanaşı Azərbaycanın uğurlarını dünyada təbliğ etmək baxımından da əhəmiyyətlidir. Məhz rumın gənclər də Azərbaycanın sürətli inkişafı haqqında düşüncələrini öz ölkələrinin insanlarına çatdıracaqlarını vurğuladılar", - deyə S.Orucov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB