Ziyəddin Kazımov: “Yaşayış məntəqələrindən axıdılan məişət çirkab suları heç bir təmizləmə prosesi keçmədən birbaşa dənizə axıdılır.”- MÜSAHİBƏ (SƏS TV)

Ziyəddin Kazımov: “Yaşayış məntəqələrindən axıdılan məişət çirkab suları heç bir təmizləmə prosesi keçmədən birbaşa dənizə axıdılır.”- MÜSAHİBƏ (SƏS TV)

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun SƏS TV-yə müsahibəsi:

- Hal- hazırda çimərlik sularında monitorinqlər aparılır. Monitorinqlərə görə hansı çimərliklər yararsız hesab olunub?

- Hər il olduğu kimi yay mövsümü ilə bağlı olaraq çimərliklərdə mütəmadi olaraq bizim mərkəz tərəfindən Səhiyyə Nazirliyinin vəba və kəskin mədə bağırsaq sisteminin xəstəlikləri profilaktikası ilə bağlı olan əmrinə istinadən dəniz suyunun laboratoriyada müayinəsini keçirilir. Bu müayinələrə mayın 25-dən başlamışıq. Hər 15 gündən bir bu halı təkrarlayırıq. Sonuncu məlumata əsasən Qaradağ rayonundakı "Sahil" və Səbail rayonundakı "Şıx" çimərliyində vətəndaşların çimməsi məqsədə uyğun hesab edilmir. Buna səbəb kimi isə burada kifayət qədər yaşayış məntəqələrinin çox olmasıdır. Bu yaşayış məntəqələrindən axıdılan məişət çirkab suları heç bir təmizləmə prosesi keçmədən birbaşa dənizə axıdılır. Bu da öz növbəsində dəniz suyunun çirklənməsinə gətirib çıxarır. Qərarın icrası məqsədi ilə bütün aidiyyəti orqanlara bu haqda geniş məlumat vermişik. Respublikanın digər ərazilərinə gəlincə isə, orada da bu kimi monitorinqlər keçirilir. Cənub və şimal ərazilərində olan çimərliklərdə isə aparılan monitorinqlərin nəticələrinə görə demək olar ki, vətəndaşlar burada lazımınca istirahət edə bilərlər. Qəbul olunan qərara əsasən dəniz suyunun çirklənmə mənbələri aşkarlanaraq burada mobil tipli təmizləyici qurğuların quraşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu işin səlahiyyətlərini icra edir. 14-ə yaxın bu tip cihazlar quraşdırılıb. Həmin ərazilərdə dəniz suyunun çirkləndirilməsi demək olar ki, aradan qaldırılıb. Abşeron rayonunda yerləşən Sabunçu, Xəzər, Binəqədi və digər ərazilərdə çirklənmələr müşahidə olunmur. Çirklənən ərazilərdə bu işin qarşısının alınması üçün lazımi tədbirlər görülür. Yaxın gələcəkdə də çirklənmənin qarşısı alınacaq.

- Şıx çimərliyinin adını qeyd etdiniz, ancaq buna baxmayaraq insanların bir çoxu orada çimirlər. Bəlkə onlara düzgün şəkildə məlumat verilmir?

- Bu məsələ ilə bağlı vətəndaşların maarifləndirilməsi işi ilə kifayət qədər məşğul oluruq. Bağırsaq çöpü infeksiyası daşıyan hər hansı bir vətəndaş ətrafındakıları da bu xəstəliyə yoluxdurur. Bizim də əsas vəzifəmiz odur ki, profilaktik tədbirlər həyata keçirib vətəndaşları xəbərdar edək. Təbii ki, burada vətəndaşlarda bu işə səhlənkar yanaşmamalıdır.

- Bildiyimizə görə 14 çimərlikdə vətəndaşların çimməyinə icazə verilir. Yəqin ki, burada da monitorinqlər aparılır....

- Əlbəttə ki, burada da monitorinqlər aparılır. Biz nəinki qadağan olunan ərazilərdə, eləcə də Abşeron yarımadasında fəaliyyət göstərən qanuni və qeyri-qanuni çimərliklərin ərazisində dəniz suyunun laboratoriya müayinəsini həyata keçiririk. İlk olaraq sahil zolağındakı sanitar texniki vəziyyət öyrənilir. Burada mövcud olan nöqsanların aradan qaldırılması üçün müvafiq orqanlara göstərişlər və tələblər verilir. Paralel olaraq da dəniz suyunun həm toksikoloji, həm radioloji, həm də kimyəvi və bakterioloji müayinələrini edirik. Monitorinqlərin yekun nəticələri ilə bağlı olaraq dəfələrlə televiziyalar vasitəsi ilə əhalini xəbərdar etmişik. Oktyabrın 1-nə kimi bu kimi müayinələr hər 15 gündən bir təkrarlanacaq.

- Bildiyimizə görə qarpızlar xüsusi şəraitdə satılmalıdır. Qarpızların düzgün şəkildə satılmaması ilə bağlı hansı cərimə tədbirləri həyata keçirilir?

- Bostançılıq məhsulunun bazara çatdırılması və onların bazarda satışının aparılması, eyni zamanda qeyri-qanuni yerlərdə qarpızların satılması işində birbaşa olaraq müvafiq orqan, hansı ki Kənd Təsərrüfatı Nazirliyinin fitosanitariya xidmətidir ki, onlar bostançılıq məhsullarının ştillçiyindən başlayaraq bazarda satışına qədər nəzarət edirlər. Magistral yollarının kənarında ayrı- ayrı fiziki şəxslər tərəfindən və dövlət nömrə nişanlarını çıxaran yük maşınlarında qarpızların qeyri- qanuni yollarla satışı həyata keçirilir. Bununla yanaşı, açıq günəş altında qarpızların satışı da olur ki, bu hal düzgün deyil. İnzibati xətalar məcəlləsinin müvafiq maddəsinə əsasən bostançılıq məhsullarının qanunsuz satışının qarşısını almaq üçün tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə