Dünyanın göz dikdiyi ilan zəhəri və yaxud... - Araşdırma

Dünyanın göz dikdiyi ilan zəhəri və yaxud... - Araşdırma
Hər il dünyada 5 milyon insan ilan sancmasının qurbanı olur. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, təxminən 100 min adam ölür, 300 minədək insan əlil olur.

Bu problem Azərbaycan üçün də aktualdır və hər il onlarla insan ilan sancmasının qurbanı olur. Ölümə əsas səbəb bütün dünyada olduğu kimi bizdə də qurbanların tibb məntəqələrinə gec çatdırılmasıdır.

Bu ayın əvvəlindən Bakı və ətraf qəsəbələrdə 22 nəfər ilan hücumuna, 4 nəfər əqrəb, 8 nəfər isə zəhərli hörümçək hücumuna məruz qalıb. Ölən yoxdur. Bu barədə məlumatı SİA-ya Klinik Tibb Mərkəzinin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov verdi. A. Maqsudov bildirdi ki, ümumilikdə bu il ilan sancmasından 3 nəfər dünyasını dəyişib. Ölüm hallarına əsas səbəb zərərçəkənlərin xəstəxanaya gec çatdırılmasıdır: "Azərbaycanda zərərçəkənləri əsasən gürzələr çalır. Bu zəhərli ilanın sancması belə əksər hallarda insanların narahatlığına səbəb olmur. İlan sancan insana bəzən ev şəraitində yardım göstərməklə problemin həll olunduğu güman edilir. Bəzən də olur ki, ilan sancan adam xəstəxanaya 1 həftə keçdikdən sonra gətirilir. Buna görə də onların həyatını qurtarmaq olmur".

Mütəxəssis Azərbaycanın isti və aran zonalarında problemin daha aktual olduğunu dedi: "Bərdə, Yevlax, Astara, Masallı, Lənkəran rayonları və Bakətrafı qəsəbələr ilanlar üçün münbit zona hesab olunur.

Ən təhlükəli ərazi isə Zirə qəsəbəsi sayılır. Qobu, Qaradağ rayonlarının sakinləri də ilan sancmalarından əziyyət cəkənlər sırasındadır. Azərbaycan üçün ilanla yanaşı sarı əqrəb və qaraqurd adlı zəhərli hörümçək sancmaları da aktualdır. Qeyd edim ki, qaraqurd hörümçəyi ölkə ərazisində son 3-4 ildə peyda olub. Bu hörümçəklər respublikanın ərazisinə Orta Asiyadan gətirilən meyvə-tərəvəz vasitəsilə gəlib".

A. Maqsudov bu mövsümdə yerli əhali ilə yanaşı turistləri də ehtiyatlı olmağa çağırdı: "Hazırda tikinti-inşaat aparılan ərazilər daha təhlükəlidir. Tikintidə işləyən fəhlələr hər dəqiqə ilan sancmasına məruz qala bilərlər. Eyni zamanda turistlər, istirahətə gedənlər də ehtiyatlı olmalıdırlar. Ağacların altı, kolların arası, sakit guşələr daima ilanların məskəni olur. Sakit, təhlükəsiz yerdə olmağı xoşlayan bu heyvanların hücumuna məruz qalmamaq üçün vətəndaşlara diqqətli və ehtiyatlı olmaq tövsiyə olunur".

Qeyd edək ki, dünyada 400-dən çox zəhərli ilan növü var. Onlardan dördü Azərbaycandadır. Vaxtilə Azərbaycan ilan zəhəri istehsalı sahəsində keçmiş SSRİ məkanının lider ölkəsi hesab edilirdi. Zirə kəndində ilan zəhəri istehsal etmək üçün fəaliyyət göstərən Herpetoloji Kombinat 70-ci illərdə SSRİ-nin müxtəlif əczaçılıq zavodlarına hər il olduqca yüksək qiymətə zəhər idxal edirdi. Bu zəhərdən müxtəlif formokoloji kombinatlarında dərman preparatlarının hazırlanmasında istifadə olunurdu.

Sovet dövründə ilanı tutub təhvil verənləri isə mükafat gözləyirdi. Bütün bunların nəticəsi idi ki, həmin dövrdə ilan sancma hallarına nadir hallarda rast gəlinirdi. Ancaq SSRİ-nin süqutundan, Zirə Herpetoloji Kombinatının dağıdılmasından sonra ilanlar ətraf ərazilərə səpələndilər. Heç bir təhlükəsizlik tədbirlərinin həyata keçirilməməsi isə vəziyyəti nəzarətdən çıxarıb.

Onu da deyək ki, ilanların yuvalarını mühafizə etmək üçün sel təhlükəsi az olan ərazilərdə yaşamağa üstünlük verirlər. Ona gərə də, ilanların toplanma arealları yaşayış massivlərinin ərazilərinə düşür. Ölkə ərazisində ilanların yayılmasının bir səbəbi də son illər Ermənilərin meşələri yandırmasdır. Yanqından qacan ilanlar da yaşayış ərazilərinə pənah gətirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com