Məscidlərdə verilən yas çadırdan da baha başa gəlir - ARAŞDIRMA

Məscidlərdə verilən yas çadırdan da baha başa gəlir - ARAŞDIRMA
Xeyir-şər çadırlarının yollarda gediş-gəliş üçün problem yaratması məsələsi xeyli vaxtdır gündəmdədir. Əlaqəli qurumlar yolda çadır qurulmasına qadağa qoyulması təklifi ilə çıxış edirlər.


Bildirilir ki, çadır kücədə əlavə problemlərin yaranmasına səbəb olur. Yas mərasimi zamanı bir neçə gün çadırın küçədə qalması nəqliyyatın hərəkətinə mane olur, tıxac yaradır.

Ancaq gəzən şayiələrə görə, çadırların yollarda qurulmasının qarşısını almağın başqa səbəbi də var.


Bu, yas mərasimlərində mollalara nəzarət etmək və onları vergiyə cəlb etmək, eyni zamanda bəzi radikal qurumların və cərəyanların yas mərasimlərinə müdaxiləsinin qarşısını almaqdır.


Bu kimi problemlərin qarşısını almaq üçün yas mərasimlərinin məscidlərin ərazisində tikilmiş xüsusi yerlərdə keçirilməsi təklif olunur. Problemi aradan qaldırmaq üçün Yol Polisi Qafqaz Müsəlmanları İdarəsinə müraciət edib. Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bildirdi ki, yası düşən insanlar çadır qurmaq üçün yaşadıqları rayonun polis idarələrindən icazə almalıdırlar: "Buna əməl etməyənləri cərimə gözləyir. Qanuna müvafiq olaraq, yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsinə görə fiziki şəxslər 40 manatdan 50 manatadək, vəzifəli şəxslər 250 manatdan 300 manatadək, hüquqi şəxslər isə 500 manatdan 600 manatadək cərimə edilir".


V.Əsədov yası düşən insanların gecə saatlarında heç kimə xəbər vermədən çadır qurmalarını pislədi: "Səhər hamı durub görür ki, gediş-gəliş üçün yer qalmayıb, çadırı yolu kəsib. Dəfələrlə vətəndaşlara müraciət olunsa da, buna məhəl qoymurlar. Ona görə də tədbirlər ciddiləşdirilib\".


Əldə etdiyimiz məlumata görə, qadağan və xəbərdarlıqlardan sonra yas mərasimlərinin məscidlərdə keçirənlərin sayı artıb. Ancaq bununla da yas mərasimlərində mövcud problemlər öz həllini tapa bilməyib. Yenə də israfcılıq, dəbdəbə.


Bu günlərdə yası düşən bir nəfər mərasimi məscidlərin birində verib. Təfərrüatları haqda danışarkən bildirdi ki, məscidlərin birində yas vermək ona 1500 manata başa gəlib: "Bir nəfər üçün xidmət 12 manatdır. Sifarişdən asılı olaraq süfrəyə bütün nemətlər düzülür".

Bu gün yas mərasimlərində israfcılıq hallarının baş alıb getməsi məsələsi də böyük müzakirə obyektidir. Ancaq məscidlərdə təşkil olunan mərasimlər də israfcılıq halları baş alıb gedirsə, onda dəbdəbəni adət-ənənənmizə qurban verənlərdən nə gözləyək?


Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bu halların qarşısını almaq üçün Qafqaz Müsəlmanları İdarəsinin daima tövsiyə və şəxsi nümunələrlə çıxış etdiyini deyir: "Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və Elmi-Dini Şurası xalqa müraciət etdi. Həmin müraciətin mətni hazırda bütün məscidlərdə fəaliyyət göstərən zallarda asılıb. Məqsədimiz yası düşən insanları israfçılığa yol verməməyə çağırmaqdır. İsrafcıllığın qarşısını almaq üçün şəxsi nümunələr də göstərilməkdədir. Yaxınlarda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacısı rəhmətə getmişdi. Şeyx Həzrətləri bacısının yasında ehsanı çay və xurma ilə verdi".


R.Dadaşova çadırların qurulmasına qoyulan yasağa gəlincə bildirdi ki, bu işlə hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumlar məşğul olmalıdırlar: "Biz yalnız insanlara tövsiyə edirik ki, natəmiz yerlərdə çadır qurmasınlar. Yolu kəsmək gediş-gəlişə mane olmaq, tıxacların yaranmasına səbəb olmaq da savab əməl deyil.


Bu gün "Təzə Pir\" məscidində yas mərasimi keçirilməsi üçün 6 xüsusi zal var. Yas mərasimlərini \"Bibiheybət\" və \"Göy məscid\"də təşkil etmək mümkündür".


Ancaq məscidlərdə təşkil olunan mərasimlərdə də israfcıllığa yol verilir. Belə ki, məscidlərdə kirayə verilən zal üçün tələb olunan məbləğ çadıra xərclənən məbləğdən az deyil. R. Dadaşova bu məsələyə münasibətdə bildirdi ki, Qafqaz Müsəlmanlar İdarəsinin bu məsələdə heç kimə qadağa qoya bilməz: "Biz yalnız tövsiyə edə bilərik. Kimə isə yası necə keçirmələri ilə bağlı qadağa qoya bilmərik".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com