BƏƏ-nin nazirliyi Azərbaycan diasporunu Dubayda açılacaq yeni məscidin açılış mərasiminə dəvət edib

BƏƏ-nin nazirliyi Azərbaycan diasporunu Dubayda açılacaq yeni məscidin açılış mərasiminə dəvət edib

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov AUGAF milli, dini və xeyriyyə işləri üzrə nazirliyin rəhbərliyi ilə görüşüb. Bu barədə SİA-ya "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov məlumat verib. O bildirib ki, görüşdə Dünya Azərbaycanlılarının III qurultayı və həmin toplantıda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin etdiyi çıxış barədə ətraflı məlumat verib.

Samir İmanov AUGAF rəhbərliyinə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun salamlarını çatdırıb. AUGAF nümayəndələri göstərilən diqqətə görə təşəkkürlərini bildirib, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq etməkdə maraqlı olduqlarını və tezliklə Bakıya səfər edərək tanış olmaq arzularını dilə gətiriblər.

AUGAF rəhbərliyi həmçinin Samir İmanovu "Tərəqqi" medalı ilə təltif olunması münasibətilə təbrik ediblər. "Azərbaycan" Cəmiyyətinin sədri AUGAF və Dubayın digər dövlət və hökumət təşkilatlarına onun işinə verdikləri əhəmiyyətli dəstəyə görə təşəkkürünü bildirib, Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə hazırlanıb və dünya azərbaycanlılarının III Qurultayı zamanı ona təqdim olunan "Azərbaycan – tolerantlıq məkanı" kitabını nazirliyin rəhbərliyinə təqdim edib. Kitabla tanışlıqdan sonra AUGAF rəhbərliyi hələ bir il əvvəl Samir İmanovla görüşdə səsləndirdikləri guya Azərbaycanda məscidlərin inşa edilməsinə qadağanın olması barədə fikirləri yanlış olduğunu anladıqlarını, Azərbaycanda həqiqətən istər islam, istərsə də digər dinlərə ən yüksək səviyyədə qayğı göstərildiyinin, əsrarəngiz memarlıq üslubunda inşa olunmuş çoxsaylı məscidlərin mövcudluğunun şahidi olduqlarını vurğulayıblar.

AUGAF-ın 2 məsul nümayəndəsi iyul ayının əvvəllərində Azərbaycanda gerçəkləşdiriləcək layihə ilə əlaqədar Bakı, Qəbələ və Qax rayonlarında olub, Azərbaycanın bu dərəcədə füsunkar təbiətə malik iqtisadi cəhətdən yüksək inkişaf etmiş dövlət olduğunu təsəvvür belə etmədiklərini söyləyiblər. Azərbaycanda olduqları vaxt nazirlik nümayəndələri respublikanın zəngin turizm potensialına malik olduğunu qeyd edərək ilkin mərhələdə ölkəyə daha çox turistin cəlb olunması üçün otel qiymətlərinin bir qədər aşağı salınmasının məqsədəuyğun olduğunu bildiriblər. "Azərbaycan" Cəmiyyəti sədri Samir İmanovun AUGAF rəhbərliyi ilə 4 saat davam edən görüşünün sonunda nazirlik nümayəndələri onu iyul ayının 29-da Dubayda açılacaq yeni məscidin açılış mərasiminə dəvət ediblər.

Qeyd edək ki, BƏƏ-də fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Dubayın şeyx aparatında "Divan"da aparat müdirinin hüquq və siyasi məsələlər üzrə müşavirləri ilə görüşüb, onlara Dünya Azərbaycanlılarının III qurultayı barədə məlumat verib, "Azərbaycan – tolerantlıq məkanı" kitabını təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə