Yaxın 3 gün ərzində günün qızmar vaxtı açıq havada olmaq məsləhət görülmür

Yaxın 3 gün ərzində günün qızmar vaxtı açıq havada olmaq məsləhət görülmür

Azərbaycanın əksər ərazilərində qısamüddətli yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev SİA-ya bildirilib ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir, Abşeronda temperatur gecə 22-27, gündüz 30-38 dərəcə isti olacaq, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 25-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyiproqnozlaşdırılsa da, gecə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 18-24, gündüz 32-39 dərəcə isti olacaq. Mərkəzi Aran rayonlarında gündüz temperatur 40 dərəcə isti olacaq.

İyulun 26-da Bakı və Abşeron yarımadasında hava günəşli keçəcək, mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. O, qeyd edib ki, havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 35-39 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

İyulun 27-də havanın günəşli keçəcəyi, mülayim şimal-qərb küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 35-39 dərəcə, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 26-da hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Gecə 20-25 dərəcə, gündüz 35-40 dərəcə, dağlarda gecə 14-18 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.

İyulun 27-də hava əsasən yağmursuz keçəcək. Lakin iyulun 27-də axşam, 28-də gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 35-40 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında zəif sahil küləklərinin üstünlüyü fonunda kəskin isti temperatur şəraiti əksər əhali üçün, xüsusən də uşaq, yaşlı və xəstə insanlar üçün əlverişsizdir. Günün qızmar vaxtı açıq havada olmaq məsləhət görülmür.

Bütün xəbərlər Facebook səhifəmizdə