Rəşad Məcid: “Bu gün Azərbaycan mətbuatını öz çiyinlərində daşıyan həqiqi istedadlı, vətənpərvər jurnalistlərimiz çoxdur”-MÜSAHİBƏ

Rəşad Məcid: “Bu gün Azərbaycan mətbuatını öz çiyinlərində daşıyan həqiqi istedadlı, vətənpərvər jurnalistlərimiz çoxdur”-MÜSAHİBƏ

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin SİA-ya müsahibəsi

- Sizin fikrinizcə, bu il Azərbaycan mətbuatı 136-cı ildönümünü hansı uğurlarla qeyd etdi?

- Hər ildönümündə Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabini xatırlayırıq. Bu isti yay günlərində 136 il bundan qabaq ilk milli qəzetin çıxarmağın necə böyük fədakarlıq olduğunu düşünür, onun ruhunu yad edirik. Hesab edirəm ki, 1875-ci il iyulun 22-si Azərbaycan xalqının, cəmiyyətinin həyatında mühüm bir dəyişiklik və intibah dövrünün başlanğıcı oldu. İlk qəzetin nəşri sonrakı dövrlərdə yaranan maarifçilik ideyalarının oyanmasına, böyük mütəfəkkirlərimizin, nəhayət, demokratik cümhuriyyətin yaranmasına gətirib çıxardı. Sonrakı dövrlərdə də birpartiyalı sistem olmasına baxmayaraq Azərbaycan mətbuatı inkişaf etdi, jurnalistlər mətbuta öz töhfəsini verdi. Azərbaycan xalqının dünyagörüşünün formalaşmasında, Zərdabi ənənələrinin davam etdirilməsində mətbuatın böyük rolu oldu. Biz indi müstəqilik və milli mətbuat formalaşıb, inkişaf edib. Azərbaycan mətbuatı bu nailiyyətləri əldə etmək üçün keşməkeşli yollar keçib. Mətbuat tarixində ən önəmli hadisə 1998-ci ildə ümummilli lider tərəfindən mətbuatda dövlət sirlərini müdafiə edən baş idarənin, yəni senzuranın ləğv edilməsi oldu. Bundan sonra mətbuat yeni bir dövrə qədəm qoydu. Sonrakı illərdə də Azərbaycan mətbuatının xeyli uğurları oldu. Ən uğurlu hadisələr dövlətin mətbuta olan dəstəyi idi və 3 il öncə Mətbuat Şurasının hazırladığı təkliflərin nəticəsi olaraq Azərbaycan prezidenti Mətbuata Dövlət Dəstəyi Konsepsiyasını qəzbul etdi. Daha sonra isə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Bunun nəticəsində mətbuatı iqtisadi çətinlikdən çıxarmaq üçün imkanlar yarandı. Mətbuatımız indi çoxşaxəli, çoxqütblüdür. Azərbaycanda KİV Haqqında Qanun həddindən artıq loyaldır. Bu baxımdan Azərbaycan mətbuatına çoxlu təsadüfi adamlar da üz tutub gəlirlər. Bu da mətbuata qarşı etibarın, inamın azalmasına gətirib çıxarır. Amma hər zaman olduğu kimi mətbuatımızda Həsən bəy Zərdabinin ənənələrini yaşadan istedadlı, vətənpərvər jurnalistlər var və məhz onların çiynində Azərbaycan mətbuatı inkişaf edir və uğurlar qazanır.

- Siz ötən gün qeyd olunan bayramı redaksiya daxilində hansı formada qeyd etdiniz?

- Ümumiyyətlə, son illərdə mətbuat günü ilə bağlı təxminən 1 həftə, 10 gün bəzən isə yubiley illərində 1 ay öncədən müxtəlif tədbirlər başlayır. Bu il də təxminən 1 həftədir ki, mətbuatla bağlı müxtəlif tədbirlər keçriilir. Həm müxtəlif dövlət qurumları, nazirliklər, həm də özəl qurumlar mətbuatla bağlı tədbirlər keçirərək jurnalistləri mükafatlandırırlar. Bu il həmçinin KİVDF ilə Mətbuat Şurası böyük bir tədbir keçirib, orada jurnalistlər mükafatlandırılıb. Hesab edirəm ki, bütün bu tədbirlər ümumi jurnalistikamızın bayramına həsr olunub və onların qatıldığı tədbirlərdir. Ona görə də qəzetdə hansısa əlavə bir tədbir keçirilməyib.

- Ümumiyyətlə, sizin bugünkü jurnalistlərə tövisyələriniz...

- Azərbaycan mətbuatının bugünkü günə gəlib çıxmasında, inkişafında ulu öndər Heydrə Əliyev və Həsən bəy Zərdabinin böyük əməyi olub. Onlardan sonra da mətbuatımıza xidmət edən insanlarımız olub. Bu gün Azərbaycan mətbuatını öz çiyinlərində daşıyan insanlar var, iqtisadi çətinliklərə, reket jurnalistlərin həddindən artıq olduğundan bəzi hallarda mətbuta inamın itirilməsinə baxmayaraq həqiqi istedadlı, vətənpərvər jurnalistlərimiz çoxdur. Bu bayram münasibətilə də əsas təbrik həmin jurnalistlərə düşür. Jurnalistikanın ağır əməyini öz çiynində daşıyan bütün jurnalistləri bir daha təbrik edirəm və inanıram ki, mətbuatımız bundan sonra da öz ənənlərinə sadiq qalaraq daha böyük uğurlar qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə