Rumıniyanın hakim partiyası gənclərinin Azərbaycana səfəri başlayıb -FOTOSESSİYA

Rumıniyanın hakim partiyası gənclərinin Azərbaycana səfəri başlayıb -FOTOSESSİYA

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Rumıniyanın Demokrat Liberal Partiyası Gənclər Birliyinin bir qrup nümayəndə heyəti bu gün Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra qonaqlar dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olublar. Qonaqlar gəzintiyə Qız qalasından başlayıblar. Onlara Bakının rəmzi sayılan Qız qalası barədə də məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulan bu abidə XII əsrdə bərpa olunmuşdur. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan qala silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Eyni zamanda Qız qalasının yaxınlığındakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş ekspozisiya qonaqlarda böyük maraq doğurub.

İçərişəhərlə tanışlıq Azərbaycan xalqının mədəni irsinin incisi, dünya əhəmiyyətli tarixi abidə olan Şirvanşahlar Sarayı Kompleksi ilə davam etmiş və nümayəndə heyətinə kompleksə daxil olan abidələrin hər birinin memarlıq xüsusiyyətləri haqqında məlumat verilib.

Gəzinti zamanı qonaqlara YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Qeyd edək ki, geniş tərkibli nümayəndə heyəti 22-29 iyul tarixlərində Azərbaycanda səfərdə olacaq və bir sıra görüşlər keçirəcək, Qəbələ, Oğuz, Şəki rayonlarına səfər edəcək və region gəncləri ilə təmas yaradacaqlar. Xarici ölkə gənclərinin Azərbaycanın tarixi yerlərinə səfərlərinin təşkili, öz növbəsində onların Azərbaycanı daha yaxından tanımasına şərait yaradacaq.

Xatırladaq ki, Rumıniyanın hakim Demokrat Liberal Partiyasının dəvəti ilə YAP Gənclər Birliyinin nümayəndə heyəti iyunun 11-17-də bu ölkədə səfərdə olub, siyasi rəsmilərilə görüş keçirib, bölgənin tarixi əhəmiyyət kəsb edən məntəqələrini ziyarət ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə