SAM-da görüş keçiriləcək

İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Azərbaycan Respublikası Prezidentinin Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun rəhbərliyi ilə xarici dövlətlərdə təhsil alan tələbələr arasında "Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda keçirilmiş esse yazı müsabiqəsinin nəticələrinə dair görüş keçiriləcək. SAM-dan SİA-ya verilən xəbərə görə, görüşdə müsabiqənin qalib olmuş səkkiz ölkədən 75 nəfər iştirak edəcək.

2010-cu ilin dekabr ayından 2011-ci ilin may ayına kimi davam edən müsabiqədə "Heydər Əliyev: Azərbaycan xalqının Ümummilli Lideri", "Qarabağ münaqişəsinin reallıqları", "Azərbaycanın iqtisadi inkişafı", Azərbaycanın neft və qaz strategiyası, "Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti" və s. tematik mövzular irəli sürülüb.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd xarici ölkələrin tələbələri arasında Azərbaycan haqqında məlumatlandırmanı artırmaq, gənc elmi işçilərin Azərbaycanı yaxından öyrənmələrini təşviq etmək, ölkəmiz barəsində gələcək elmi-tədqiqat fəaliyyətlərini həvəsləndirmək və Azərbaycanı öyrənən və təbliğ edən yeni gənc tədqiqatçıları hazırlamaqdır.

Müsabiqənin keçirilməsi ilə bağlı həmin ölkələrin gənclərlə işləyən dövlət qurumları əsas tərəfdaş tərəf kimi cəlb edilmiş və elanlar hazırlanaraq əsas universitetlərə göndərilib. Bundan başqa qaliblərin müəyyən edilməsi üçün hər ölkə üzrə münsiflər heyəti formalaşdırılıb. Ümumilikdə müsabiqəyə 350-dən artıq iş təqdim edilib. Təqdim edilmiş işlərin elmi cəhətdən kifayət qədər əsaslandırılmasına, məlumatların və mənbələrin düzgünlüyünə xüsusi diqqət yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə