Bəhruz Quliyev: \"Görülən işlərin operativ olaraq cəmiyyətə çatdırılması istiqamətində jurnalistlərin üzərinə böyük məsuliyyət düşür\" - MÜSAHİBƏ

Bəhruz Quliyev: \"Görülən işlərin operativ olaraq cəmiyyətə çatdırılması istiqamətində jurnalistlərin üzərinə böyük məsuliyyət düşür\" - MÜSAHİBƏ

\"Səs\" qəzetinin baş redaktoru və Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyevin SƏS TV-yə müsahibəsi


- Bu gün Azərbyacan Milli Mətbuatı 136-cı ildönümünü hansı uğurlarla qeyd edir?

- 1875-ci ildə Həsən bəy Zərdabi milli mətbuatın tarixini yazdı və bu gün artıq mətbuatımızın 136 yaşı var. Bu həm maarifçilik idealogiyasının tarixini, həm də bir jurnalistika məktəbini yaratdı. Bundan sonrakı dövrlərdə milli mətbuat inkişaf etdi. Sonrakı illərdə müxtəlif adlarla qəzetlərin sayı artdı və nəhayət bugünkü dövrə gəlib çatdı. Həm cümhuriyyət, həm də sovet Rusiyası dövründə Azərbaycan mətbuatı yaşadı, yaratdı və bir ənənə formalaşdırdı. Bir jurnalistika məktəbi formalaşmağa başladı. Ancaq o dövrlərdə Azərbaycan mətbuatının inkişafı o qədərdə diqqəti cəlb etmədi. Çünki həmin dövrlərdə müxtəlif çərçivələr var idi. Həmin dövrdə mətbuatın demokratik şəkildə inkişaf etməsi mümkün deyildi. Ancaq Azərbaycan 1993-cü ildə ikinci dəfə müstəqilliyə qovuşduqdan sonra mətbuat yeni inkişaf yoluna qədəm qoydu. 1992-1993-cü illərdə müstəqilliyin ilk dövrlərində, 1988-1992-ci illərdə Azərbaycanı xaos və anarxiya bürümüşdü. Sözsüz ki, bu xaos, anarxiya və çaşqınlıq mətbuatda da özünü göstərmişdi. Həmin dövrdə mətbuatda kataklizm baş verdi. Azərbaycan jurnalistləri təhqir olunur, o dövrdə fəaliyyət göstərən mətbuat orqanları boğulurdu. Bundan əlavə, yazdıqları yazıya görə jurnalistlər dəfələrlə döyülür və müxtəlif basqınlara məruz qalırdı.

- 1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycan mətbatının inkişafına hansı töhfələr verdi?

- 1993-cü ildən sonra ulu öndərin hakimiyyəti dövründə mətbuatımız sözün əsl mənasında öz demokratik inkişaf yoluna qədəm qoydu. Sözsüz ki, ulu öndər mətbuatın inkişafında maraqlı idi. Buna görə də mətbuatın, azad sözün, demokratiyanın inkişafı üçün bir sıra sərəncamlar verdi. Mətbuat rəhbərləri ilə də dəfələrlə keçirilən görüşlərdə onların problemləri ilə bağlı məlumatlar əldə edirdi. Sözsüz ki, ulu öndər bu problemləri baş redaktorlardan yaxşı bilirdi. Onların həlli ilə bağlı müxtəlif tövsiyyə, tapşırıqlar verdi, fərmanlar imzaladı. Həmin dövrdə KİV-lər haqqında qanun qəbul edildi, mətbuatın "Azərbaycan" Nəşriyyatına olan borcları donduruldu, sonradan birdəfəlik ləğv edildi. Mətbuatın üzərində olan ƏDV ləğv edildi, 1998-ci il mətbuatın dövlət tənzimləmə mexanizmi, yəni senzura ləğv olundu və mətbuat tam mənada müstəqil fəaliyyətə başladı. Sonrakı dövrlərdə ulu öndər bu istiqamətdə müxtəlif işlər gördü. 2003-cü ildə İlham Əliyev prezident seçildikdən sonra ilk amalı mətbuatın inkişafı oldu. Bununla bağlı müxtəlif tapşırıqlar verdi. Bundan sonra Mətbuat Şurasının yaranması, həm 130, həm də 135 illikdə verilən sərəncamlar göstərir ki, mətbuatın inkişafı çox yüksək əzmlə həyata keçirilir. Ulu öndərin qoyduğu ənənə daha modern formada davam etdirilir. Mətbuata olan diqqət və qayğı onun inkişafına şərait yaratdı. 135 illiklə əlaqədar cənab prezident bir qrup jurnalistə müxtəlif adlar verməklə, redaksiyalara birdəfəlik yardım etməklə yanaşı jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşması, mənzil problemləri istiqamətində dövlət büdcəsindən 5 milyon dəyərində maliyyə ayrıldı. Bu sərəncam da göstərir ki, prezident jurnalistlərin sosial vəziyyətini düşünür və bu yöndə konkret addımlar atır. 2008-ci ildən dövlət konsepsiyası hazırlanıb, sonra isə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Bu fond vasitəsilə qəzetlər, nəşrlər ciddi layihələr həyata keçirir. Təbii ki, bu layihələr redaksiyaların maddi-texniki bazasının genişlənməsi, həm də vətəndaş cəmiyyətinin inkişafına təsir edən amillərdir.

- Bu gündə Azərbaycan jurnalistlərinə tövsiyə və təbrikləriniz...

- Jurnalist peşəsi çox ağır, çətin və məsuliyyətli bir peşədir. Jurnalistin qələmindən çıxan yazılar oxuculara çatdırılırsa, onları düzgün istiqamətləndirməli, bu yazılardan cəmiyyət nəsə qazanmalıdır. Hər bir jurnalist qərəzsiz olaraq hər hansı bir vətəndaşın probleminin həlli istiqamətində araşdırma aparmalı, bunun həll olunması istiqamətində yazılar verməli və bu formada xalqına xidmət etməlidir. Sözsüz ki, görülən işlərin operativ olaraq cəmiyyətə çatdırılması, problemlərin qabardılması istiqamətində jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Bu gün torpaqlarımızın 20 faizi işğal altındadır və bizim mətbuat bu mövzunu daim diqqətdə saxlamalı, öz qələmləri ilə daima mübarizə əzmində olmalıdırlar. Öz təbliğatlarında, yazılarında bütün Azərbaycan gənclərini torpaqları azad etmək istiqamətində vətənpərvər ruhunda yetişmələrinə kömək etməlidirlər. Bir daha jurnalistlərə tövsiyəm odur ki, onlar siyasi mövqelərindən asılı olmayaraq ümummilli məsələlərdə bir olsunlar. Jurnalistlər bu məsələdə heç bir qollara ayrılmasın, ümummilli dövlət maraqları məsələlərində, problemlərimizin həlli istiqamətində daim bir nöqtəyə vursunlar. Jurnalistlərə çox çətin peşə həyatında uğurlar, nailiyyətlər, ən əsası isə cansağlığı arzulayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə