Cari ilin 6 ayında 11 916 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub

Cari ilin 6 ayında 11 916 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub

Cari ilin 1 iyuluna olan məlumata əsasən, ünvanlı yardım alan ailələrin sayı 125 472, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği isə 103,95 manat təşkil edib. SİA-nın xəbərinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov 2011-ci ilin birinci yarımilinin yekunlarına dair keçirilən iclasda məlumat verib. Onun sözlərinə görə, ünvanlı yardımın hesablanması üçün götürülən ehtiyac meyarının həddi bu ilin əvvəlindən 75 manata qaldırılıb ki, bu da 2006-cı ildəki müvafiq göstərici ilə müqayisədə 2,5 dəfə artım deməkdir. Hazırda ünvanlı sosial yardım alan ailələrin daha fəal sosial təminat yönümlü proqramlara cəlb olunmaları, beynəlxalq təcrübəyə uyğun olaraq şərtləndirilmiş sosial yardımın verilməsi prinsiplərini özündə birləşdirən Birdəfəlik Sosial Yardım (Özünədəstək) proqramının sınaqdan keçirilməsi davam etdirilir.

Aktiv sosial müdafiə tədbirlərinin davamı olaraq, cari ilin 6 ayında da Dövlət Məşğulluq Xidməti tərəfindən 11 916 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub, 1 658 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. Cari ilin 6 ayında 2 030 müəssisədə əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi nəticəsində 5 401 halda əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar olunub, işəgötürənlərə ümumilikdə 245 350 manat məbləğində cərimə tətbiq edilib. Belə ki, ötən ilin ilk yarımilində dövlət nəzarəti həyata keçirilən müəsissələrdə əmək müqaviləsi olmadan işə cəlb edilənlərin sayı 2009-cu ildəki 7 048 nəfərdən 3 404 nəfərə enib, cari ilin birinci yarımilində isə bu göstərici 770 olub. Həmin işçilərlə əmək müqaviləsi bağlatdırılıb. Vətəndaşlara ödətdirilməsi təmin edilən gecikdirilmiş vəsaitin ümumi məbləği 516 742 manat olub ki, bu məbləğin 270 898 manatını əmək haqları təşkil edib. Hesabat dövründə istehsalatda 128 bədbəxt hadisə qeydə alınıb, bu hadisələr nəticəsində 53 nəfər dünyasını dəyişib. İstehsalatda baş vermiş bədbəxt hadisələrlə bağlı qanunauyğun tədbirlər görülüb.

Dünya Bankı ilə birgə həyata keçirilən Sosial Müdafiənin İnkişafı Layihəsi çərçivəsində "İSCO88/08-ə uyğun Təkmilləşdirilmiş Peşə Standartları və Əlaqədar Təlim Standartlarının hazırlanması" Layihəsinin icrası işləri davam etdirilir. Layihə çərçivəsində 3 il ərzində 200 peşə və 100 təlim standartı, həmçinin 200 standart üzrə qiymətləndirmə forması, peşə təsnifatının müasir tələblərə uyğunlaşdırılması məqsədilə təkliflər və Peşə Standartları Mərkəzinin yaradılması üçün hüquqi-institusional baza hazırlanacaq. Bu isə əmək bazarında iqtisadi inkişafa uyğun olaraq beynəlxalq tələblər səviyyəsində ixtisaslı kadların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sosial müdafiə tədbirlərində şəffaflığın və ictimai nəzarətin artırılması məqsədilə ünvanlı yardım təyin edən komissiyaların işində vətəndaş cəmiyyətləri nümayəndələrinin daha geniş iştirakına şərait yaradılıb, ünvanlı yardımı almaq üçün plastik kartların vətəndaşlara bankların əməkdaşları tərəfindən verilməsi, müəssisələrdə dövlət nəzarətinin sosial tərəfdaşlarla birgə aparılması üçün Sosial Şuranın yaradılması və s. işlərə başlanıb. Ünvanlı sosial yardım proqramının şəffaf şəkildə icra olunması, məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılması üçün ünvanlı sosial yardımla bağlı alternativ müraciət mexanizmləri hazırlanıb və hazırda 2 pilot rayonda sınaqdan keçirilməsi barədə qərar qəbul edilib.

Nazirliyin fəaliyyət istiqamətləri üzrə təkliflərin hazırlanması, nazirlik tərəfindən həyata keçirilən tədbirlərin keyfiyyətinin, səmərəliliyinin artırılması və monitorinqlərin aparılması məqsədilə nazirlik yanında İctimai Şura yaradılıb və cari ilin 15 iyul tarixində ilk iclası keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə