Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2011-ci ilin birinci yarımilinin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. SİA-nın xəbərinə görə, iclası giriş sözü ilə açan nazir Fizuli Ələkbərov prezident İlham Əliyevin düzgün düşünülən və məqsədyönlü siyasəti sayəsində ölkəmizin iqtisadi inkişaf dinamikasının davam etdiyini, sosial-iqtisadi tərəqqi göstəricilərinin cari ilin ilk 6 ayında da yüksəldiyini, ölkənin iqtisadi imkanlarının artması şəraitində əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə aparılan işlərin daha geniş vüsət aldığını bildirib. Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, bütün sosial məsələlərin vaxtında və yüksək səviyyədə həllini tapması ilə bağlı ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin reallaşması istiqamətində nazirlik tərəfindən görülən işlərin cari ilin ilk 6 ayında da əzmlə davam etdirildiyini deyən nazir əsas məqsədin dövlət qayğısının aztəminatlı vətəndaşlara daha layiqli səviyyədə, şəffaf və ədalətli, ünvanlılıq prinsipi əsasında çatdırılması olduğunu vurğulayıb.

İclasda ünvanlı dövlət sosial yardımının təyinatı, qeyri-məşğul vətəndaşların məşğulluğunun təminatı, əlillərin tibbi-sosial reabilitasiyası, iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə dövlət nəzarətinin həyata keçirilməsi və digər sahələrdə görülən işlər, həmçinin qarşıda duran vəzifələr geniş müzakirə olunub və struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

İclasın davamında nazir Fizuli Ələkbərov 22 İyul – Milli Mətbuat Günü münasibətilə respublikanın bütün KİV işçilərini təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb. Nazirliyin KİV-lə daimi əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən nazir bir daha jurnalistlərə öz təbriklərini çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə