13 yaşlı qızı ermənilər tərəfindən öldürülən ananın vəziyyəti normallaşır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 14 iyul 2011-ci il tarixdə Tovuzun Əlibəyli kəndində Ermənistan xüsusi xidmət orqanlarının çay vasitəsilə axıtdığı oyuncağa quraşdırdığı partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olmuş 1998-ci il təvəllüdlü, Tovuz rayonunun Əlibəyli kəndində qonaq olan, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan 13 yaşlı Aygün Şahmalıyevanın anası, bu müdhiş hadisə nəticəsində yaralanmış və hazırda Bakıdakı Travmatologiya və Ortopediya İnstitutunda müalicə olunan E. Şahmalıyevaya baş çəkib.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Ombudsman həmin İnstitutun baş həkimi və yaralı qadının müalicə həkimi ilə birlikdə E. Şahmalıyevanın müalicə olunduğu palatada onunla görüşmüş, xəstənin, sağlıq durumu, ehtiyacları ilə maraqlanmış, səhhətinə və psixoloji durumuna xüsusi həssaslıqla yanaşmağı tapşırıb.

Müvəkkilə bildirilib ki, partlayıcı qurğunun qəlpələri ilə bud nahiyəsindən xəsarətlər almış E. Şahmalıyevanın vəziyyəti pisləşdiyi üçün o, Bakıya gətirilib. Hazırda yaralının səhhəti normallaşır, ayağındakı ağrılar ona hələlik gəzməyə imkan verməsə də, onun vəziyyətində müsbət dinamika hiss olunur.

E. Süleymanova övladı qətlə yetirilmiş ana ilə söhbət etmiş, ona bu faciəvi hadisə ilə bağlı təskinlik verib. O qeyd edib ki, təcavüzkar Ermənistan öz çirkin terrorçuluq siyasətini, günahsız uşaqların qətlə yetirilməsini davam etdirir. 13 yaşlı Aygünün vəhşicəsinə qətlə yetirilməsi buna daha bir sübutdur. İşğalçı Ermənistanın məsum körpələrə, uşaqlara qarşı yönəlmiş bu vandalizm hərəkəti dünya ictimaiyyətinin gözü qarşısında baş verir və öz hüquqi qiymətini almalıdır. Dəfələrlə təkrarlanan belə qanlı cinayətlər Ermənistanın iç üzünü, əsl yırtıcı simasını bir daha açıb göstərir.

Müvəkkil doğma vətənini, yurd yerlərini ürəkdən sevən balaca Aygünün torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizlə, mənfur düşmən gülləsinə tuş gəlmiş, dünyasını dəyişmiş azərbaycanlı uşaqlarla bir sırada heç vaxt unudulmayacağını, xatirəsinin daim əziz tutulacağını söyləyib. Hadisə ilə bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açıldığı ananın diqqətinə çatdırılıb.

E. Şahmalıyeva ona baş çəkdiyinə, səhhəti ilə maraqlandığına, verdiyi təsəlliyə görə Ombudsmana minnətdarlığını bildirib.

E. Süleymanovanın tapşırığına əsasən, 21 iyul 2011-ci il tarixdə Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları Tovuz Rayon İcra Hakimiyyəti başçısının Əlibəyli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi ilə birlikdə erməni terrorunun qurbanı olmuş A. Şahmalıyevanın yas mərasimində iştirak etmək üçün həmin kənddə olublar.

Mərhumun ailə üzvləri ilə görüşüb başsağlığı verən regional mərkəzin əməkdaşları Ombudsman tərəfindən bu qanlı cinayətin Azərbaycan xalqını hiddətləndirdiyini, Müvəkkil tərəfindən erməni terrorunun dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılması istiqamətində işlərin aparıldığını, həmçinin E. Süleymanovanın Travmatologiya və Ortopediya İnstitutunda müalicə olunan E. Şahmalıyeva ilə görüşdüyünü və onun vəziyyətini daim nəzarətdə saxladığını söyləyiblər.

Mərhumun atası Zirəddin Şahverdiyev hadisənin baş verdiyi gündən bu günədək onlara göstərdiyi diqqət və qayğıya görə Müvəkkilə minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...