Yarmarkalar ümidləri doğrultmadı - ARAŞDIRMA

Yarmarkalar ümidləri doğrultmadı - ARAŞDIRMA
Paytaxtda kənd təsərrüfatı yarmarkaların təşkili əhalini daha ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları almağa ruhlandırmışdı. Ancaq bir müddət fəaliyyət göstərən yarmarkalar da ümidləri puça çıxardı. Yarmarkaya gələnlər orada qiymətlərin aşağı olacağını ümid etsələr də, alış-verişə başlayanda fikirləri alt-üst olur. Əslində isə, yarmarkaların təşkilinin məqsədi kənd sakinlərinin, fermerlərin istehsal etdikləri məhsulları yarmarkalara gətirib bazar qiymətindən aşağı satmaq idi. Bu fermerlərə məhsulu yerindəcə satmağa imkan yaratmaqla yanaşı, paytaxt əhalisini ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına da yardım edəcəkdi. Ancaq gözləninənlər əks nəticə verdi. Alverçilər paytaxtda gətirilən məhsulları fermerlərdən ucuz qiymətə alaraq yarmarkalarda süni bahalaşma yaratdılar. Nəticədə yarmarkadakı qiymətlər bazar və marketlərdən geri qalmır.

Sarımsağın qiymətə kəllə çarxa çıxıb


Binəqədi rayonu ərazisində təşkil olunan yarmarkada diqqətimizi bolluq çəkdi. Ancaq qiymətlərlə maraqlandıqda təəccüblənməyə bilmədik. Burada yumurtanın 1 ədədinin qiyməti 15 qəpik, qatıq və süd 1 manat 25 qəpikdir. Son günlər şəhərin bir neçə yerində olduğu kimi, mal ətinin qiyməti 7 manat 50 qəpik, qoyun ətinin qiyməti isə 8 manatdır.
Hazırda tələbat daha çox mövsümü meyvələrə olduğu üçün onların da qiymətində artım müşahidə olunur. Müşahidə apardığımız yarmarkalarda pomidorun 1 kiloqramı 50 - 80 qəpik, xiyarın kilosu 50 - 1 manat arası, ərik 2 – 4 manat arası, şaftalı 2 - 3 manat arası, qarpızın kilosu 20 - 50 qəpikdir. Yemişin kilosu 20 qəpikdən 80 qəpiyə kimi, gavalının qiyməti 50 qəpikdən 1 manatadəkdir. Onu da öyrəndik ki, hazırda satışda soğan 50 qəpik - 1 manat, bibər 60 qəpik - 1,50 qəpik, badımcan 50 qəpik – 1 manat, alça 60 qəpik - 1 manat, lobya 50 qəpik 1 manat, limon 20 – 40, gilasın qiyməti isə 2 manatdan 5 manatadəkdir. Bazarda ən baha satılan məhsullardan biri isə sarımsaqdır. Yayda sarmırsaq yemək fikrinə düşənlər 3 manat 3 manat 50 qəpik pul xərcləməli olurlar. Bu gün yarmarkalarda ən bahalı məhsul isə fındıq və qozdur. Qoz ləpəsi 10-15 manata, fındıq ləpəsini isə 6-7 manata satılır.
Oxşar vəziyyətə Dərnəgül yarmarkasında da rast gəlinir. Qiymətlərin bahalığı bir yana, buranın sanitariya vəziyyəti də ürək acan deyil. Maraqlısı odur ki, yarmarkada kənd təsərrüfatı məhsullarından daha çox paltar, qab-qacaq, sənaye malları satılır. Diqqət çəkən məqamlardan biri də, satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının üzərindəki lövhənin hər üzünə bir qiymətin yazılmasıdır. Məsələn, bananın qiyməti lövhənin bir tərəfində 80 qəpik, digər üzündə isə 1 manat yazılmışdı. Satıcılar bunun səbəbini imkanlı alıcılara bahalı mal satmaq üçün etdiklərini dedilər: "Kasıba baha qiymət desək də, alan deyil. Ancaq imkanlı adam görən kimi qiymət kağızının baha qiymət olan tərəfini çeviririk. Nəticə uğurlu olur".



Yarmarkaya gələn alıcıların üzündən isə məyusluq yağırdı. Orta yaşlı qadın məhsulları satanların alverçidən fərqlənmədiyini deyir: "Yarmarkanın adı var. Əvvəllər yarmarkaya tez-tez gələrdik. Ancaq indi burda ucuz nə isə tapmaq olmur. Xeyli yol qət edib yarmarkaya gəlməkdənsə, marketdən alış-veriş edərik. Onsuzda qiymətlər dükan - bazardan seçilmir". Alıcılar qışa hazırlıq görmək məqsədi ilə meyvə, tərəvəz almaq istəsələr də, çox vaxt yarmarkadan əliboş çıxdıqlarını da dedilər.

Qiymətlər süni artırılır


İqtisad elmləri namizədi Namiq Sultanov isə bazar qiymətlərinin bazarın özünün tənzimlədiyini deyir: "Heç bir dövlət inzibati yollarla qiyməti tənzimləyə bilmir. Bu daha çox bazara gətirilən malın keyfiyyətindən, həcmindən, istehlakçının tələbindən və çəkilən xərclərdən asılıdır. Marketinq mədəniyyətinin aşağı olması, satıcılar alıcının geyiminə, imkanına baxaraq məhsula qiymət verməsi, satışa çıxarılan məhsulun birinci əldən satılmamağı disbalans və xaos yaradır. Bu yarmarkalar da yan keçmədi. Qiymət artımının səbəblərindən biri də, bazara xarici məhsulların gətirilməsidir. Yerli kartof adı altında satılan İran kartofu da qiymət artımına sirayət edir\".

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev paytaxtda 7 ticarət yarmarkasının fəaliyyət göstərdiyini dedi: "Bu obyektlərdə istənilən məhsulun qiyməti bazarlarda satılan məhsulların qiymətindən ucuzdur. Məsələn hazırda bostan məhsullarının qiyməti yarmarkalarda 30-40, bəzən də 50-60 faiz digər yerlərdən ucuzdur. Onu da deyim ki, bu il kənd təsərrüfatı məhsulların boldur. Bahalıq adətən kənd təsərrüfatı məhsulları qıt olanda yaranır. Ancaq bu il bu problem müşahidə olunmur və qiymətlər normaldır".

Bütün xəbərlər Facebook səhifəmizdə