Lukas Volonten: \"Azərbaycanda digər dinlərə göstərilən münasibət bütün müsəlman ölkələri üçün nümunə ola bilər\"-TƏDBİR-FOTO
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) "Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcək dinlərarası dialoq və ya Avropa dəyərlərinə dair" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə DQİDK-nin sədri Hidayət Orucov, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Xalq Partiyası fraksiyasının rəhbəri Lukas Volonten və üzvləri, Azərbaycandakı dini icma rəhbərləri və nümayəndələri, deputatlar iştirak ediblər.
Tədbirdə komitə sədri Hidayət Orucov "Azərbaycanda tolerantlıq ənənələri və dinlərarası dialoq" mövzusunda çıxış edib. O bildirib ki, Azərbaycan Şərqlə Qərbin, Cənubla Şimalın qovşağında yerləşdiyi üçün müxtəliflikdən doğan zənginlik təkcə onun təbiətində yox, eyni zamanda mədəniyyətində də açıq şəkildə özünü göstərir: "Ölkəmizin əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Çünki müxtəlif tarixi dövrlərdə çoxsaylı dini-etnik qruplar Azərbaycanda məskunlaşıb, yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurublar. Bunun nəticəsidir ki, çoxsaylı etnosların Azərbaycanda yaşamasına və etnik tərkibin müxtəlif olmasına baxmayaraq minilliklər boyu heç bir milli azlıq buradan başqa bir əraziyə köçürülməyib, hər bir etnos milli və dini kimliyini qoruyub saxlayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın xarakterik keyfıyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılaraq bu sahənin dövlətin nəzarəti altına keçirilib, eləcə də regionda ilk dəfə ölkəmizdə vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik bazasının beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. İndiki dövrdə Azərbaycanda dini vəziyyətin və dini dözümlülüyün səviyyəsini müəyyən etmək məqsədilə qeydiyyatdan keçərək, rəsmi fəaliyyət göstərən dini icmaların sayına baxmaq kifayətdir. Hazırda ölkədə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma rəsmi fəaliyyət göstərir ki, sonunculardan 23-ü xristianlığı, 7-si yəhudiliyi, 3-ü bəhailiyi, 1-i isə Krişna şüurunu təmsil edir. Eyni zamanda, respublikamızda ümumilikdə 11 kilsə (Bakıda 3 pravoslav, 1 katolik, Gəncədə və Xaçmazda 1 pravoslav, Qəbələdə 1 alban-udi, Qaxda 4 gürjü-pravoslav kilsəsi) və 6 sinaqoq (Bakıda 2, Oğuzda 2, Qubada 2) fəaliyyət göstərir. Ölkədə xristianlığın müxtəlif təriqətlərinə mənsub insanlar tərəfindən dini mərasimlərin icra edildiyi 26 ibadət evi var.
Bu gün Azərbaycan hökumətinin qarşısına qoyduğu əsas məqsədlərdən biri vətəndaşların vicdan azadlığını təmin etməklə yanaşı, tarixən ölkəmizdə formalaşan və xalqımızın xarakterik xüsusiyyətinə çevrilən tolerantlıq ənənələrini daha da inkişaf etdirmək və dövlət-din münasibətlərini tənzimləməkdir. Əmin ola bilərsiniz ki, Azərbaycan hökuməti vətəndaşların əqidə seçiminə hörmətlə yanaşmaqla bərabər, dini ekstremizm, dözümsüzlük ideyalarının təbliğinin qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq. Dindən siyasi məqsədlər üçün istifadəyə çalışan insanların, radikallığa çağıran qüvvələrin fəaliyyətini genişləndirməsinə, xalqımızın yüzillər boyu formalaşan dözümlülük ənənələrinə xələl gətirməsinə və ölkədəki dini-etiqad azadlığından sui-istifadəsinə yol vermək olmaz.
Fikrimcə, Azərbaycan dünyanın bir çox ölkələri üçün tolerantlıq, müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşadığı bir məkan nümunəsi ola bilər. Bu mənada inanıram ki, dinlər və mədəniyyətlərarası dialoq Avropa Şurası və Azərbaycan arasında çox mühüm bir əməkdaşlıq sahəsi olacaq".
Daha sonra çıxış edən AŞPA Avropa Xalq Partiyası fraksiyasının sədri Lukas Volonten qeyd edib ki, Azərbaycanda digər dinlərə göstərilən münasibət bütün müsəlman ölkələri üçün nümunə ola bilər. Onun sözlərinə görə, Azərbaycan nümunəsi tolerantlıqla bağlı yürüdülən siyasətlə məhdudlaşmır, həm də Azərbaycan xalqının daxili keyfiyyətinin təzahürüdür: "Dini azadlıq ən önəmli şəxsi azadlıqlardan biridir. Azərbaycanda bu real durumu öyrənmək bizim üçün maraqlıdır".
Tədbirin davamında çıxış edən qonaqlar öz fikirlərini bildirib və mövzu ətrafında müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB