Hicran Hüseynova ailə problemlərinin həll edilməsi üçün işçi qrupun yaradılmasını təklif edib

Hicran Hüseynova ailə problemlərinin həll edilməsi üçün işçi qrupun yaradılmasını təklif edib

"Son illərdə Azərbaycanda boşanmaların sayının artması, boşanma zamanı qadınların və uşaqların hüquqlarının pozulması ilə bağlı hakimlərin qəbul olunan qərarlarında bir sıra problemlər var. Yaxşı olardı ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi və Ali Məhkəmənin arasında işçi qrup yaradılsın və bununla da ailə məsələləri ilə bağlı problemlərə operativ reaksiya verilsin və həll edilsin". SİA-nın xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, qadınlar məhkəmə qərarlarından narazlıq edir, uşaqların və qadınların hüquqlarının pozulduğunu deyirlər. O qeyd edib ki, məhkəmə zamanı qadın və uşaqların hüquqları ilə bağlı düzgün qərar qəbul etmək üçün orada psixoloq və sosial işçilərin iştirakı yaxşı olardı: "Ailə ilə bağlı problemlərdə elə nüanslar var ki, onların həllində, qiymət verilməsində bu mütəxəssislərə ehtiyac var. Onların rəyi nəzərə alınmaqla qəbul edilən qərarlarda uşaqların və qadınların hüquqları müdafiə olunacaq".

Bundan əlavə, H.Hüseynova Ailə Məcəlləsinə dəyişiklikləri də zəruri hesab edib. O bildirib ki, bu məcəllədə çoxlu dəyişikliklər ola bilər.

"Boşanmaların sayının azalması üçün Azərbaycan qanunlarında mütləq yazılmalıdır ki, ailə formalaşanda iki tərəf nikah müqaviləsini imzalasın. Hansısa ailə formalaşanda bəzi məsələləri aradan qaldırmaq çətindir. Buna görə də tərəflərin nikahdan öncə nikah müqaviləsi bağlaması və tibbi müayinədən keçməsi zəruridir. Qarşı tərəfin haqqı var ki, nigah bağlayan zaman digər tərəfin nə dərəcədə sağlam olduğunu bilsin", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə