Xəzəryanı dövlətlərin XİN müavinlərinin növbəti iclası Astanada keçiriləcək
Rusiya Federasiyasının Moskva şəhərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti iclası bitib. SİA-nın Rusiya XİN-in saytına istinadən verdiyi məlumata görə, Xəzərin hüquqi statusuna dair Moskvada işini başa vurmuş beştərəfli görüşün nəticələri əsasında yekun kommünike qəbul olunub. Kommünikedə nazir müavinləri səviyyəsində iki gün davam etmiş iclasda irəliləyişin əldə edildiyi bildirilir. Eyni zamanda görüş zamanı 18 noyabr 2010-cu ildə Bakıda keçirilmiş III Xəzər sammiti qərarlarının icrası istiqamətində fəaliyyət, habelə Xəzərin hüquqi statusuna dair konvensiya layihəsinin işlənib hazırlanması üzrə iş davam etdirilib. Tərəflər Bakı sammiti qərarlarının icrasının sürətləndirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin Rusiyada keçiriləcək IV Xəzər sammitinin gündəliyi müzakirə edilib.
Moskva görüşünün yekunlarını müsbət qiymətləndirən Xəzərətrafı dövlət təmsilçiləri növbəti iclasın Astanada keçirilməsi barədə yekdil qərara gəliblər. Kommünikedə bu görüşün dəqiq tarixinin diplomatik kanallarla müəyyən ediləcəyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB