\"Azərbaycan vətəndaşı olan uşağın atalığına və yaxın qohumlarına övladlığa verilməsi ilə bağlı qanunvericilikdə göstərilən prosedur sadələşdirilməlidir\"

\"Azərbaycan vətəndaşı olan uşağın atalığına və yaxın qohumlarına övladlığa verilməsi ilə bağlı qanunvericilikdə göstərilən prosedur sadələşdirilməlidir\"

Ötən il məhkəmələrdə xaricə övladlığa vermə ilə bağlı 10 iddiaya baxılıb, onlardan 7-si üzrə iddia təmin olunub, biri rədd edilib, biri baxılmamış qalıb, biri isə geri qaytarılıb. SİA-nın xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin Təşkilat Analitik İdarəsinin rəis müavini Sübhi Kazımov deyib. O bildirib ki, bu işlərdən yalnız 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə təmin olunub, digər 5 işdə Komitənin iştirakı təmin olunmayıb, komitədən uşağın övladlığa verilməsi ilə bağlı rəy alınmayıb. Onun sözlərinə görə, belə olan halda komitə bu qərarlardan şikayət verə bilməz. Məhkəmələrin belə işlərə baxarkən mütləq komitənin prosesdə iştirakını təmin etməli olduğunu deyən S.Kazımov vurğulayıb ki, komitənin iştirakı olmadan baxılan 5 işdən 3-də uşaq öz doğma xalasına, 2-də isə atalığına övladlığa verilib.

"Fikrimizcə, Azərbaycan vətəndaşı olan uşağın atalığına və yaxın qohumlarına övladlığa verilməsi ilə bağlı qanunvericilikdə göstərilən prosedur sadələşdirilməlidir. Azərbaycanda doğulub, hansısa səbəbdən xaricdə yaşayan azərbaycanlılar öz yaxınlarını övladlığa götürmək istəyəndə, həmçinin Azərbaycan vətəndaşı olan qadın xarici vətəndaşa ərə gedəndə, uşağın atalığına övladlığa verilməsində digər əcnəbilərə münasibətdə daha sadə prosedur tətbiq olunmalıdır və qanunvericiliyin uşaqların xarici vətəndaşlara övladlığa verilməsi ilə bağlı hissəsində dəyişikliklər olunmalıdır. Himayəçilik və qəyyumluq orqanlarının fəaliyyətinin daha da asanlaşdırılması, təkmilləşdirilməsi, bu qurumların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqələrinin daha da genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər edilməsi zəruridir", S.Kazımov deyib.

.

Bütün xəbərlər Facebook səhifəmizdə