Azərbaycanda ailə problemləri ilə bağlı qanunvericilik bazası müzakirə edilib- FOTOSESSİYA

Azərbaycanda ailə problemləri ilə bağlı qanunvericilik bazası müzakirə edilib- FOTOSESSİYA
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Ədliyyə Nazirliyi və Ali Məhkəmə ilə birgə "Azərbaycan ailələrinin mövcud problemlərinin həllinə yönəlmiş qanunvericilik bazası və onun təkmilləşdirilməsi prespektivləri" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbir ailə problemləri sahəsində Ailə Məcəlləsi və normativ hüquqi aktların təhlilinin aparılması, ailə hüquqlarının təmin edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, qanunvericilikdə aşkar olunan boşluqları, ziddiyyətlərin aradan qaldırılması məqsədilə təşkil edilib.


Dəyirmi masanı giriş sözü ilə açan Ali Məhkəmənin İnzibati-iqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev son illər ölkədə ailə problemlərinin həllinə diqqətin artmasının, uşaq hüquqlarının müdafiəsi ilə bağlı fundamental qanunvericilik bazasının yaradılmasının və bu sahədə Milli Qanunvericilikdə ardıcıl aparılan islahatların həyata keçirilməsinin vacib olduğunu bildirib. O vurğulayıb ki, son illər ərzində ölkədə ailədə qanunların, hüquqların qorunması ilə bağlı bir sıra mühüm işlər görülüb, yeni qanunlar qəbul olunub. Onun sözlərinə görə, ailə, qadın və uşaq hüquqlarının qorunması, problemlərin həll edilməsi dövlət siyasətinin əsas prioritet sahələrinə çevrilib: \"Ölkə prezidentinin sərəncamı ilə 2009-cu ilin \"Uşaq ili\" elan edilməsi bunun bariz göstəricisi idi. Ölkədə qəbul olunan qanunlar ailə zorakılığının, uşaqların sosial müdafiəsi, onların hüquq və azadlıqlarının qorunmasına aid edilib. Uşaq hüquqlarının qorunması istiqamətində məhkəmələr də öz iş planına uyğun olaraq müvafiq işlər görür\".


Tədbirin davamında çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova bu sahədə mövcud vəziyyət və müəyyən boşluqlar barədə məlumat verib. O bildirib ki, müəyyən dövr keçdikcə hər bir qanuna dəyişiklərin edilməsinə, boşluqların doldurulmasına ehtiyac var. Onun sözlərinə görə, bu problemlərin qarşısının alınması və maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir: "Bu gün həm komitəyə, həm də Ombudsman Aparatına müraciət edənlərin bir çoxu məhkəmələrlə bağlı olur. Onların bir çoxu məhkəmədə qəbul olunan qərarlarla razı olmurlar. Bundan əsas zərərçəkən də qadın və uşaqlar olur".

Daha sonra komitə sədri Azərbaycanda qadın və uşaq problemlərinin həlli üçün dövlət qurumlarından ibarət işçi qrupun yaradılmasını təklif edib.

Tədbirin davamında çıxış edən Ombudsman Elmira Süleymanova, millət vəkili Əli Hüseynli, hakimlər bu məsələ ilə bağlı fikirlərini bildiriblər. Tədbirin davamında dəyirmi masa iştirakçıları mövzu ətrafında aliment ödənilməsi və onunla bağlı problemlər, nigah və boşanmalarda əmlak münasibətlərin tənzimlənməsi, övladlığa götürmə ilə bağlı mexanizmin təkmilləşdirilməsi məsələlərinə ayrıca diqqət yetirilib, geniş müzakirələr aparılıb və həmin məsələlərin təkmilləşdirilməsi məqsədilə öz tövsiyələrini veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com