RİTN-də mobil operatorların 3G texnologiyasına tətbiqi ilə bağlı görüş keçirilib

RİTN-də mobil operatorların 3G texnologiyasına tətbiqi ilə bağlı görüş keçirilib
Azərbaycanda 3-cü nəsil (3G) xidmətlərinin genişləndirilməsi məqsədlə RİTN -də hər üç mobil operatorun nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun SİA-ya verdiyi məlumata görə, görüşdə 3G xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, bu məqsədlə mobil operatorlara yeni lisenziyaların verilməsi, operatorlararası mövcud problemlərin qüvvədə olan qaydalara uyğun həlli, mobil rabitə xidmətləri bazarında sağlam rəqabətə təkan verəcək "Sellülar (mobil) nömrə daşınması qaydası"nın icrası ilə bağlı şəbəkələrində müvafiq hazırlıq işlərinin görülməsi məsələləri müzakirə edilib. Görüşdə həmçinin respublikanın telekommunikasiya şəbəkəsinin inkişafı və statistik təhlillərin aparılması məqsədilə məlumatların bu məqsədilə yaradılmış mərkəzi serverə ötürülməsi və qanunvericiliyə uyğun digər həlli vacib olan məsələləri də müzakirə olunub.

M. Əmirov müzakirələrin nəticəsində respublikada 3G xidmətlərinin əhatə dairəsinin genişlənməsi, yeni xidmətlərin fəaliyyətə başlamasına və bu xidmətlərə olan tələbatın ödənilməsinə şərait yaranacağı barədə qərar qəbul edildiyini deyib: "Operatorlar tərəfindən bəzi məsələlərin həlli məqsədilə qismən tədbirlər görülsə də, təəssüf ki, tam icrası istiqamətində indiyədək mobil operatorlar tərəfindən RİTN-ə dolğun və konkret məlumat təqdim olunmayıb. Yuxarıda qeyd olunan texniki problemlərin operatorlar tərəfindən vaxtında icra edilməsi respublikada yeni nəsil texnologiyaların tətbiqini sürətləndirəcək və müasir xidmətlərin əhatə dairəsinin genişlənməsinə səbəb olacaq".


Bütün xəbərlər Facebook səhifəmizdə