Sosial Rifah Partiyası Azərbaycan mətbuatının 136-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib - TƏDBİR
Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan mətbuatının 136-cı ildönümünə həsr olunmuş \"Erməni təcavüzü və insanlığın sosial-iqtisadi fəlakətləri\" mövzusunda dəyirmi masa keçirilib.
Milli Məclisin deputatlarının, siyasi partiya təmsilçilərinin, Azərbaycanda fəaliyyət göstərən səfirlik əməkdaşlarının və digər beynəlxalq təşkilatıların, həmçinin qeyri-hökumət təşkilatlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan ASRP sədri, millət vəkili Xanhüseyn Kazımlı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi böyük siyasətin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirildiyini bildirib.
Daha sonra azərbaycanlılara qarşı erməni riyakarlığının uzun illərdən bəri, zamanın hər dövründə olduğu kimi, bu gün də davam etdiyini diqqətə çatdırıb.
Tədbir zamanı çıxış edən digər natiqlər bildiriblər ki, azərbaycanlılara qarşı Xocalı, Qaradağlı, Cəmilli, Malıbəyli, Ağdaban və sair kimi vəhşilikləri, qətliamları törədən ermənilər və onların havadarları bütün beynəlxalq hüquq normalarına, ən əsası insanlığa zidd olaraq qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağı hiyləgərliklə Ermənistana birləşdirmək niyyətindən əl çəkmək istəmir, bu yolda bütün cinayət və vəhşiliklərə hazır olduqlarını nümayiş etdirirlər.
Qeyd olunan tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bir il bundan öncə Azərbaycan Sosial Rifah Partiyasının təşkilatçılığı ilə yaradılan \"Avrasiya ölkələri üzrə Beynəlxalq mətbuat və informasiya həmrəyliyi Mərkəzi\"nin Avropanın və Asiyanın bir çox ölkələrində nailiyyətlərini yüksək qiymətləndirib. O, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından Mərkəzin fəaliyyətinin önəmli olduğunu xüsusi qeyd edib. Ə.Amaşov bildirib ki, bir illik fəaliyyəti olan bu Mərkəzin yaradılmasında əsas məqsəd dünyanın ayrı-ayrı ölkələrində baş verən hadisələrin və tarixi həqiqətlərin başqa ölkənin həmin qurumda təmsil olunan yerli müəlliflərinin imzası ilə mətbuat səhifələrinə çıxarılmasından, radio və televiziya dalğalarında səsləndirilməsindən ibarətdir.
Keçirilən tədbirdə respublika rəhbərliyi tərəfindən Milli Mətbuatımızın dünəninə, bu gününə və gələcəyinə göstərilən diqqət və qayğılar xüsusi vurğulanıb. Qeyd edilib ki, xalqımız Zərdabi irsinə tez-tez müraciət edir, onun adı və amalı ilə bağlı ardıcıl tədbirlər keçirir. Çıxış edənlər Həsən Bəy Zərdabinin \"Bədəni salamat saxlamaq düsturüləməli\", \"Təbiət və insan\", \"Əkinçi\" adlı kitablarının yenidən işıq üzü görməsində millət vəkili Xanhüseyn Kazımlının qayğılarını onun Milli Mətbuatımıza olan doğma münasibəti kimi dəyərləndiriblər. Eyni zamanda, hər üç kitaba X.H.Kazımlı tərəfindən yazılan geniş məzmunlu ön (giriş) sözü, Həsən Bəy Zərdabinin həyat və yaradıcılığını daha geniş əks etdirməsi konfrans iştirakçıları tərəfindən diqqətə gətirilib.
Tədbirdə səslənən təkliflərə və söylənilən fikirlərə uyğun olaraq 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itirilmiş maddi və mənəvi sərvətlərin eləcə də onlardan əmin-amanlıq şəraitində istifadə edilməsi reallıqları nəzərə alınmaqla gözlənilən faydalılığın ümumi dəyərinin müəyyən edilməsi barədə xüsusi tədbirin görülməsi qərara alınıb.
Konfransın sonunda Azərbaycanın İrəvan xanlığı, Zəngəzur mahalına məxsus olan tarixi torpaqları üzərində qurulmuş erməni dövlətinin XIX-XX əsrlərdə də, digər Azərbaycan ərazilərinin işğalı, BMT-nin bu istiqamətdəki məlum 822, 853, 874, 884 saylı qətnamələrinin yerinə yetirilməməsi barədə səlahiyyətli beynəlxalq təşkilatlara bəyanat qəbul edilib.
RÖVŞƏN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB