Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə üçtərəfli Milli Şura yaradılacaq

Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə üçtərəfli Milli Şura yaradılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Dünya Bankının birgə həyata keçirdiyi "Sosial Müdafiənin İnkişafı" layihəsi çərçivəsində icra olunan "Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması" layihəsi üzrə yaradılmış Məşvərətçi İşçi Qrup beynəlxalq ekspertlərin iştirakı ilə növbəti iclasını keçirib.


ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, layihənin bir illik fəaliyyəti haqqında hesabatın müzakirə olunduğu iclasda hazırlanan yeni sənədlər nəzərdən keçirilib.


İclasda Avropa İttifaqının "Dövlət Əmək Müfəttişliyi Xidmətinə dəstək" Tvininq layihəsi ilə qarşılıqlı əlaqələr və qarşıda duran vəzifələr barədə məlumat verilib. Tədbir çərçivəsində Əməyin Təhlükəsizliyi və Sağlamlığı (ƏTS) üzrə üçtərəfli Milli Şuranın yaradılması məsələsi müzakirə edilib, beynəlxalq ekspertlər bu sahədə beynəlxalq təcrübədən danışıblar. Bununla yanaşı, ƏƏSMN, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət olmaqla yaradılacaq ƏTS üzrə Milli Şuranın təşkilati strukturu müzakirə olunub.


Qeyd edək ki, "Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması" layihəsinin icrasına 2010-cu ilin iyul ayından başlanılıb. Üç illik layihə çərçivəsində yerli və beynəlxalq ekspertlərin Azərbaycanda toplanacağı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbər işçiləri ilə sıx əməkdaşlıq şəraitində bu qurumun potensialının gücləndirilməsinə dəstək vermək üçün bir çox işləri icra edəcəyi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com