Bəhruz Quliyev: “Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın müstəqil mediasında canlanma yaratdı” - MÖVQE
1991-92-ci illəri müasir medianın inkişaf dövrü kimi dəyərləndirirəm. Məhz bu illərdən başlayaraq Azərbaycanın müstəqil mediasında canlanma yarandı. "Səs" qəzetinin baş redaktoru və Səs İnformasiya Agentliyinin (SİA) baş direktoru Bəhruz Quliyev 22 iyul Milli Mətbuatın yaranmasının 136 illiyi ərəfəsində mətbuat nümayəndələrinə ünvanlandığı təbrikə bu sözlərlə başladı: "1875-ci ildə ilk dəfə Həsən bəy Zərdabi \"Əkinçi\" qəzeti çap etdirdi və bununla da milli mətbuatın əsası qoyuldu. Zamanının qəzeti olan "Əkinçi", sonrakı dövrlərdə çıxan "Kaspi", "Bakinskiy rabociy" və s. qəzetlər o dövrün tələbləri ilə uzlaşırdılar.
Sovet dövründə də mətbuat bir çərçivə daxilində fəaliyyət göstərib, yalnız nəzarətdən keçəndən sonra işıq üzü görə bilirdi. Bu çərçivə və senzuralar isə mətbuatın imkanlarını məhdudlaşdırırdı.
Azərbaycanda müstəqil medianın formalaşma dövrü Azərbaycan müstəqilliyə qovuşandan sonra, yəni 1991-ci illərdən başladı. Sözsüz ki, 1988-1992-ci illərdə respublikamızda yaranmış xaos mətbuata da təsirsiz ötüşmədi və sovet dövründə olduğu kimi mətbuat kor-koranə fəaliyyətini davam etdirdi. Ancaq 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın müstəqil mediasında bir yenilik, canlanma yaratdı. Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Tədricən mətbuatın üzərinə qoyulmuş qadağalar götürüldü və 1998-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə mətbuatın üzərində olan tənzimlənmə mexanizmləri, əlavə dəyər vergisi aradan qaldırıldı. Redaksiyalara müxtəlif yardımlar göstərildi. 2003-cü ildən İlham Əliyevin prezident kimi fəaliyyətə başladığı vaxtdan isə milli mətbuatımız yeni bir eraya qədəm qoydu. Mətbuata dövlət səviyyəsində yardımlar olundu, Azərbaycan Mətbuat Şurası yaradıldı. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması isə mətbuata olan diqqəti daha da artırdı. Müxtəlif layihələrin həyata keçirməsi, jurnalist yazılarının müsabiqəsinin təşkili, redaksiyalara birdəfəlik yardımların ayrılması, jurnalistlər üçün bina tikintisi layihəsi, prezident tərəfindən jurnalistlərə fəxri adların verilməsi, mükafatlandırması mətbuat nümayəndələrinin rifahının yaxşılaşmasına hesablanmış addımlardır. Bu gün əminliklə demək olar ki, Azərbaycan mətbuatı inkişaf səviyyəsinə, demokratik fəaliyyətinə, uğurlarına görə dünya miqyasında öndə olan mətbuatlardan biridir".
Tarixi və Azərbaycan mətbuatında öz çəkisi olan qəzet
B.Quliyev dövrü mətbuatda öz dəsti-xətti, nüfuzu ilə seçilən "Səs" qəzetinin uğurları, görülən işlər və nəzərdə tutulan layihələri haqda da məlumat verdi: ""Səs" tarixi və Azərbaycan mətbuatında öz çəkisi olan bir qəzetdir. 1991-ci ildə fəaliyyətə başlayan "Səs" qəzeti, o dövrün ağır, acınacaqlı vəziyyətində xalqın səsinə səs verdi. Belə ki, 91 nəfər ziyalının imzası ilə "Səs" qəzeti vasitəsi ilə ulu öndər Heydər Əliyevə müraciət olundu. Ulu öndər xalqın çağırışına cavab verərək "Səs" qəzeti vasitəsilə müraciət etdi. Bununla da "Səs" qəzeti o dövr üçün tarixi missiyasını yerinə yetirdi. "Səs" qəzeti Yeni Azərbaycan Partiyasının ideoloji işində də yaxından iştirak edir və azərbaycançılıq, dövlətçilik ideologiyasının tərənnümündə də öz gücünü ortaya qoyur. Fəaliyyəti müddətində "Səs" qəzeti bir sıra uğurlu layihələrə də imza atıb. Günün ən aktual məsələləri, problemləri, yenilikləri ilə bağlı mütəmadi olaraq redaksiyada dəyirmi masalar təşkil olunur. Dövlət rəsmləri, millət vəkilləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi müzakirələr ictimaiyyətə çatdırılır. 2006-cı ildən regionlarda bir sıra dövlət proqramlarının mahiyyəti xalqa çatdırılır, əhalinin problemləri öyrənilir və geniş ictimaiyyətə çatdırmaq məqsədi ilə layihələr həyata keçirilir. Günün nəbzini tutmaq, müasir tələblərə cavab vermək məqsədi ilə "Səs" qəzetinin bazasında Səs İnformasiya Agentliyi yaradılıb. Üç dildə (azərbaycan, rus, ingilis) fəaliyyət göstərən agentlik Azərbaycan həqiqətlərini ölkə daxili ilə yanaşı, beynəlxalq ictimaiyyətə də çatdırmaq missiyasını öz üzərinə götürüb. Son illərin uğurlarından biri də, Azərbaycan üçün yenilik olan Sestv.az internet televiziyası yaradılmasıdır. Hesab edirəm ki, günün hadisələrini, tədbirləri, yenilikləri operativ və canlı olaraq internet vasitəsi ilə tamaşaçıya ötürülməsini uğur hesab etmək olar. Artıq SəsTV.az kifayət qədər uğur qazana bilib, həm ölkə daxilində, həm də xaricdə geniş tamaşaçı auditoriyası toplayıb. Gələcəkdə bu layihəni inkişafı, modernləşdirilməsi istiqamətdə işlər görüləcək.
Milli Mətbuat gününüz mübarək!
B.Quliyev qarsıdan gələn Milli Mətbuat günü münasibəti ilə media mənsublarını təbrik etdi və bu şərəfli işdə onlara cansağlığı, güclü, tərəfsiz, qərəzsiz qələm sahibi olmağı arzuladı: "Hörmətli həmkarlar qələminiz hər zaman iti olsun. Sizlərə pisi pisdən ayırıb, yaxşını, reallığı əks etdirməyi bacarmaq başarısı arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB