Yaponiyanın Azərbaycandakı səfiri “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olub
İyulun 19-da "İRƏLİ" İctimai Birliyində start götürən "Yaponiyanın mədəniyyət günləri" çərçivəsində Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Şusuke Vatanabe və onun xanımı Atsuko Vatanabe "İRƏLİ" Gənclik Mərkəzinin qonağı olublar. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, ilk öncə "İRƏLİ" İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı qonaqları mərkəzlə tanış edib. Qonaqlar gənclər üçün yaradılmış şəraitdən olduqca məmnun qaldıqlarını bildiriblər.
Sonra qonaqlar "İRƏLİ"də keçirilən Yapon dili dərsində iştirak etmiş, Yaponiya istehsallı filmi izləmiş və Yaponiyanın tarixi və mədəniyyəti haqqında hazırlanmış xüsusi təqdimatı izləmək imkanı əldə ediblər.
Dəyirmi masa ətrafında davam edən görüşdə Ceyhun Osmanlı qonaqları və tədbir iştirakçılarını bir daha salamlamış, səfirə dəvəti qəbul etdiyi üçün minnətdarlığını bildirib. O, həmçinin Azərbaycan gənclərinin yapon mədəniyyətinə, incəsənətinə, iqtisadiyyatına olan marağından və Azərbaycan-Yaponiya əlaqələrinin son zamanlar daha da möhkəmləndiyindən və bu işdə gənclərin böyük rol oynadıqlarından söz açıb.
Daha sonra səfir və xanımı böyük məmnunluq hissi ilə tədbirdə iştirak edənlərin timsalında Azərbaycan gəncləri və gəncliyi barədə müsbət mənada təəsüratlarını bölüşüblər. Səfir nitqində daha öncələr azərbaycanlı gənclərin yalnız Amerika və ya Avropa ilə maraqlandığını və daha çox Qərbə meyl etdiklərini düşündüyünü, lakin bu gün bura gəldikdən və gənclərin təşkil etdiyi Yaponiyaya həsr olunmuş mərasimlərdə iştirak etdikdən sonra yanıldığını qeyd edib.
O, həmçinin Azərbaycan və Yaponiya arasında gənclərin mübadiləsini genişləndirmək, buradan istedadlı və perspektivli gənclərin Yaponiyada təhsil almaları və ya kurs keçmələrinə şərait yaratmaq, eləcə də Azərbaycanlı gənclərin Yaponiyaya olan marağını artırmaq məqsədilə Yaponiya səfirliyi ilə yaxın gələcəkdə əməkdaşlığın zəruri olduğunu qeyd edib.
Görüş zamanı səfir media işçilərinin və tədbir iştirakçılarının suallarını cavablandırmaqla yanaşı, onların suallarından böyük məmnunluq duyduğunu da xüsusi qeyd edib.
Sonda səfir və onun xanımı ilə xatirə şəkli çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB