Sahibə Qafarova: “İşğalçı ölkənin 13 yaşlı qızı qətlə yetirməsinin arxasında konkret məqsədlər var”
"Bu, ermənilərin ilk təxribatı deyil. Bundan öncə də dəfələrlə ən çirkin terror üsullarına əl ataraq, öz milli kimliklərini, niyyətlərini ortaya qoyublar. Amma ən ağrıdıcısı odur ki, bu kimi cəhdlərdə uşaqları, qadınları hədəfə götürürlər". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova söyləyib. "Bu isə bir daha onu göstərir ki, ermənilər uzun müddət Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətindən bu gün də əl çəkmir və hər fürsətdə irqçi, bütün beynəlxalq hüquqi sənədlərə, eyni zamanda, bölgədə sülhün təmin olunmasına yönəlmiş cəhdlərə zidd olan bu kimi təxribatları təkrarlayırlar. Təbii ki, insanlığa sığmayan, vəhşicəsinə atılmış bu addımlar qəbul edilməzdir və dünya ictimaiyyəti ermənilərin bu vəhşiliklərinə göz yummamalıdır"- deyə, o əlavə edib.
Qeyd edək ki, iyulun 14-də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb. Partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb.
Millət vəkili işğalçı ölkənin bu təxribatlarının arxasında konkret məqsədlərin olduğunu söyləyərək vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş danışıqlarda hər dəfə bir canlanma yarananda, yeni bir situasiya ortaya çıxanda, ermənilər bu kimi çirkin, insanlığa sığmayan təxribatlara əl ataraq, danışıqlardan yayınmağa çalışır.
"Amma bunlar da sona qədər davam edə bilməz"- deyən millət vəkili əlavə edib ki, gec-tez onların bu əməllərinə son qoyulacaq. Tarix və təcrübə də göstərir ki, heç bir cinayət cəzasız qalmır. Ermənistan dövləti və onun cinayətkar rəhbərləri də gec-tez hüquq müstvəsində bu əməllərinə, tökülən günahsız qanlara görə cavab verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB