Ombudsman Aparatının əməkdaşı Macarıstanda təşkil olunmuş yay məktəbində iştirak edib

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Fərqanə Məmmədxanova Macarıstanın paytaxtı Budapeşt şəhərində Açıq Cəmiyyət Fondunun dəstəyi ilə Mərkəzi Avropa Universiteti və Mental Disability Advocacy Center tərəfindən "Praktikada əqli əlillik hüququ" mövzusunda təşkil edilən yay məktəbində iştirak edib. SİA-nın xəbərinə görə, yay məktəbində müxtəlif ölkələrin Ombudsman təsisatlarının, vətəndaş cəmiyyətinin, QHT-lərin nümayəndələri, həmçinin tələbələr və gənc mütəxəssislər iştirak edib. İki həftəlik kurs müddətində iştirakçılar "Əlillərin hüquqları haqqında" Konvensiyanın əsas konsepsiyası və ehtiva etdiyi hüquqlar, o cümlədən siyasi və ictimai həyatda iştirak hüququ, təhsil hüququ ilə bağlı maddələr barədə ətraflı bilgilər almış, həmçinin əqli sağlamlıq hüququnun tarixi, işgəncələrin qarşısının alınması, psixiatrik müalicə və s mövzularda məruzələr dinləyiblər.

Yay məktəbi çərçivəsində əqli qüsurlu şəxslər üçün müəssisəyə başçəkmə həyata keçirilmiş, həmçinin icma əsaslı xidmətlərdən istifadə edən şəxslərlə iştirakçıların görüşü təşkil olunub. Ombudsman təsisatının nümayəndəsi müzakirələrdə fəal iştirak edib, əhalinin müxtəlif qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində Müvəkkilin səmərəli fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasnın Fakültativ Protokolu ölkəmizdə ratifikasiya edildikdən sonra Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə Ombudsman və onun MPM qrupunun üzvləri azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərinə, o cümlədən sosial obyektlərə, uşaq evlərinə, əlillərin yaşadıqları pansionatlara, ruhi xəstələr üçün psixiatriya xəstəxanalarına da müntəzəm olaraq planlı monitorinqlər aparır, başçəkmələr həyata keçirirlər.

Ombudsman təsisatının əməkdaşı kursu müvəffəqiyyətlə bitirmiş və sınaqdan keçərək sertifikatla təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə