Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4043 nəfər itkin düşmüş şəxs qeydiyyatdadır

Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4043 nəfər itkin düşmüş şəxs qeydiyyatdadır

Bu ilin 6 ayı ərzində Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə səmərəli əməkdaşlığı davam etdirilib. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə" çərçivə sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlər, itkinlərin siyahıları arasındakı fərqin aradan qaldırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunub, görülmüş işlər nəzərdən keçirilib, o cümlədən əsir və girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar aparılıb. SİA-nın Komissiyanın saytına istinadən verdiyi xəbərə görə, əməkdaşlıq çərçivəsində bu il aprelin 10-17-də BQXK tərəfindən Gürcüstanın Tbilisi şəhərində proqram təminatı üzrə treninq-kursda və İsveçrənin Ekojia şəhərində silahlı münaqişələr və təbii fəlakətlər zamanı həlak olmuş şəxslərin cəsədlərinin tədqiq edilməsi üzrə IV Beynəlxalq seminar-kursda Dövlət Komissiyası İşçi qrupunun rəhbəri və əməkdaşları iştirak ediblər.

Həmçinin, bu il yanvar ayının 26-da BQXK ilə Dövlət Komissiyası arasında imzalanmış "AnteMortem / PostMortem məlumat Bazasının istifadəsi" üzrə Proqram Təminatı Müqaviləsi ilə bağlı ardıcıl işlər aparılıb. Adı çəkilən proqramın Komissiyaya təhvil verilməsi üçün İşçi qrupunda texniki imkanlar yaradılıb və proqram xüsusi kompüter şəbəkəsində yerləşdirilib. Artıq 100 nəfər itkin barədə toplanmış AnteMortem məlumatlar toplusu da Komissiyanın İşçi qrupuna təhvil verilib. Onlardan 56 nəfər barədə məlumat "Məlumat bazası"na yüklənib. Bu işdə BQXK-nın mütəxəssisi də yaxından iştirak edir. Bundan başqa, Dövlət Komissiyası və BQXK-da itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərlə bağlı mövcud olan siyahılar arasında dəqiqləşmənin aparılması və fərqin aradan qaldırılması istiqamətində işlər davam etdirilib. Bu istiqamətdə Komissiyanın İşçi qrupunda aparılmış işlərin nəticəsi kimi 53 nəfərlə bağlı dəqiqləşdirilmiş məlumatlar BQXK-nın Azərbaycandakı nümayəndəliyinə göndərilib.

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli və 5 mart 2011-ci il tarixli birgə bəyanatlarına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində bu il martın 17-də Ağdam rayonu, Baş Qərvənd kəndi ərazisində, Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində növbəti humanitar akt həyata keçirilib. Prosesdə 10 may 2009-cu il tarixdə Azərbaycanın Füzuli rayonu ərazisində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgəri - 1990-cı il təvəllüdlü Hacıyev Anar Xanbaba oğlu azad olunaraq Müdafiə Nazirliyinə təhvil verilib, mayın 9-u 2009-cu il tarixdə Azərbaycan ərazisində saxlanılmış Ermənistan vətəndaşı, 1978-ci il təvəllüdlü Badalyan Artur Qrişayeviç isə ölkəsinə verilib. Proses BQXK-nın vasitəçiliyi ilə həyata keçirilib. 22 avqust 2010-cu il tarixdə Daşkəsən rayonu ərazisində, qoşunların təmas xəttində Ermənistan hərbciləri tərəfindən əsir götürülmüş Azərbaycan hərbçisi, 1985-ci il təvəllüdlü Hüseynov Roman Novruz oğlunun azad olunması istiqamətində BQXK-nın vasitəçiliyi ilə müvafiq tədbirlər davam etdirilir. BQXK-nın məlumatına əsasən, R. Hüseynov Ermənistanın Yerevan şəhərində saxlanılır. Araşdırma zamanı 18 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək Dövlət Komissiyasında qeydiyyata alınıb və adları müvafiq siyahıya salınıb. 24 itkinin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb. 24 nəfərdən 9 nəfərinin həlak olduğu, 10 nəfərinin itkin düşmədiyi, 3 nəfərin adının siyahıda təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşməsi faktı müəyyənləşdirilib.

2011-ci il iyulun 1-nə olan məlumata görə, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 4043 nəfər itkin düşmüş, 1400 nəfər əsir və girovluqdan azad olunmuş şəxs qeydiyyata alınıb. Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 13 nəfərin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi müəyyənləşdirilib. Bu faktlar, o cümlədən itkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 30 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib edilib.

Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 473 nəfər barədə 708 sorğu göndərilib. 1000-dən artıq itkin barədə toplanmış əlavə məlumat və materiallar onların "axtarış-araşdırma iş"lərinə əlavə olunub.

Respublika Hərbi Prokurorluğundan daxil olmuş sorğuya əsasən, Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərin siyahısı müvafiq qaydada hazırlanaraq bu quruma göndərilib. Sumqayıt Hərbi Prokurorluğundan daxil olmuş sorğuya əsasən, fərarilik faktı ilə bağlı barələrində cinayət işi açılmış 80 hərbçi ilə bağlı araşdırma və təhlil işi aparılıb və məlumatlar bu quruma göndərilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daxil olmuş sorğulara əsasən, itkin düşmüş, girov götürülməsi barədə məlumatlar olan, həmçinin girovluqdan azad olunmuş qadın və uşaqlarla bağlı materiallar və məlumatlar hazırlanaraq bu quruma təqdim edilib.

Azərbaycan Milli Məclisindən daxil olmuş sorğuya əsasən, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində əsir və girov götürülməsi barədə məlumatlar və şahid ifadələri olan şəxslər barədə materiallar hazırlanaraq bu quruma göndərilib.


Bütün xəbərlər Facebook səhifəmizdə