Yunus Oğuz: “Bu il mətbuat günü ərəfəsində bir sıra uğurlarımız var”-AÇIQLAMA

Yunus Oğuz: “Bu il mətbuat günü ərəfəsində bir sıra uğurlarımız var”-AÇIQLAMA

Bu il 22 iyul-milli Mətbuat Günü bir sıra uğurlarla qeyd olunacaq. Bu barədə SİA-ya açıqlamasında "Olaylar" qəzetinin baş redaktoru və eyni adlı agentliyin baş direktoru Yunus Oğuz deyib. O bildirib ki, bu il tam da olmasa, qismən mətbuat ombudsmanı yaranıb və bu, çox mühüm bir məsələdir. Diffamasiya Haqqında Qanunu yenidən müzakirə ediləcəyini, jurnalistlər üçün tikiləcək evlərin təməlqoyma mərasiminin olacağını deyən Y.Oğuzun sözlərinə görə, bir sözlə, bu il mətbuat günü ərəfəsində bir sıra uğurlar var.

"Azərbaycan mətbuatı ağır yol keçib. 136 il ərzində Həsən bəy Zərdabinin vaxtında çox az sayda qəzetlər bir dəfə müəyyən sayda tirajla çıxıb. Sovetlər dövründə senzura, gizli mətbuat var idi. Azərbaycan mətbuatı çox ağır yollar keçsə də bu gün mühüm və uğurlu bir inkişaf yoluna qədəm qoyub. Azərbaycan mətbuatı özünün yeni inkişaf dövrünü yaşayır. Cənab prezidentimiz İlham Əliyev Azərbaycan mətbuatının inkişaf etməsi üçün hər cür şərait yaradıb. Mətbuatın inkişafı istiqamətində kifayət qədər işlər görülüb. Hər bir ölkənin mətbuatında olduğu kimi, bizim mətbuatımızda da müəyyən problemlər mövcuddur və bu problemləri də biz yavaş-yavaş aradan qaldırırıq. Bütün bunlara baxmayaraq mətbuatımız istər iqtisadi, istərsə də siyasi cəhətdən daha yaxşı inkişaf edir. Fikrimcə, indi bütün dünyada olduğu kimi, gələcəkdə mətbuat heç kimdən asılı olmayacaq. Bu gün Azərbaycanda olan mövcud qəzetlər kifayət qədər özünü göstərir, cəmiyyət tərəfindən qəbul olunur. Reketçiliyə qarşı mübarizə daha da güclənir. Mən deyə bilərəm ki, mövcud qəzetlərin vəziyyəti əvvəlki illərdən daha yaxşıdır. İnternet media ilə yanaşı yazılı mətbuat da bu gün inkişaf edir. İnternet medianın isə əsas məqsədi informasiya tez və dəqiq şəkildə çatdırmaqdır. Yazılı mətbuat ölkədə baş verən hadisələri gündə bir dəfə qəzet vasitəsilə insanlara çatdırır. Amma agentliklər internet vasitəsilə kifayət qədər informasiyanı özəlləşdirə, öz səhifələrində yerləşdirə bilər", - deyə o əlavə edib.

Mətbuat Gününü hansı formada qeyd edəcəklərinə gəlincə, baş redaktor qeyd edib ki, onlar bütün tədbirləri Mətbuat Şurası ilə birlikdə keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə